AFFA-nın baş katibi azarkeşlərə səsləndi

9 Oktyabr 2012 09:34 (UTC+04:00)
"Sentyabrın 22-də start götürən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 artıq başa çatmaq üzrədir. Çox sevindirici haldır ki, çempionatın oyunları istər beynəlxalq futbol qurumlarının, istərsə də ölkə futbol ictimaiyyətinin diqqət mərkəzindədir və böyük maraqla izlənilir". AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri olan Məmmədov bu şənbə yekun vurulacaq mötəbər turnirə gələn qonaqların təşkilatçılıqdan razı olduqlarını bildirib: "Mundialın açılışında FİFA prezidenti Yozef Blatter iştirak etdi. Sonrakı günlərdə isə həmin qurumun vitse-prezidentləri - İssa Hayatou, eyni zamanda Okeaniya Futbol Konfederasiyasının prezidenti David Chung və digər rəsmi şəxslər ölkəmizdə səfərdə oldular. Onlar da dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə futbolun inkişafı ilə bağlı böyük işlərin görüldüyünü bildirdilər. Onu da qeyd edək ki, onların bəziləri Azərbaycana ilk dəfə gələrək ölkəmiz barədə ətraflı məlumat əldə etdilər. Mundialın oyunlarının dünyanın bir çox ölkələrinə yayımlanması ölkəmizin beynəlxalq aləmdə təbliğatının aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir".

Baş katib azarkeşləri oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununa dəvət edib: "Bu gün keçiriləcək yarımfinal oyunlarından sonra finalçılar müəyyənləşəcək. Final oyununda da FİFA və UEFA rəsmilərinin iştirakı nəzərdə tutulub. Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək həmin oyuna azarkeşləri stadiona dəvət edir, əsl futbol bayramı ab-havasını yaşamağa səsləyirik".

Elman Bakuvi
AzNews.az