Aydın Abbasov atasının durumundan danışdı: “Bu, bizim ailəyə yaraşmayan...”
9 Aprel 2015 11:14 (UTC+04:00)
Məlumata görə, Rusiyanın siyasi dairələrində, hüquq-mühafizə orqanlarında mühüm dəstəyə və himayəyə malik olan Abbas Abbasov fevralın 20-də alternativ qurultay keçirərək "AzerRos"u parçalayıb. Ötən həftə isə Azərbaycan diasporunun üzdə olan tanınmışları və fəalları Abbas Abbasovun əməlləri ilə bağlı Vladimir Putinə və onun azərbaycanlı həmkarı İlham Əliyevə şikayət ünvanlayaraq kömək istəyib.
Abbas Abbasovun oğlu, millət vəkili Aydın Abbasov baş verənlərlə bağlı fikirlərini AZNEWS.AZ-la bölüşüb.
Onun sözlərinə görə, Abbas Abbasov haqda yazılanlar və deyilənlər onları çox narahat edir: "Bunu konkret olaraq kimsə məqsədyönlü şəkildə ortaya çıxarıb və belə işlərlə məşğuldur, amma Abbas müəllimin həm yaşı, həm şəxsiyyəti o səviyyədə deyil ki, ona qarşı belə bir addım atılsın. Məsələnin bu boyda şişirdilməyinin özü də maraqlıdır. Yəqin bunun arxasında kimlərsə dayanır".
Millət vəkili vurğlulayıb ki, baş verənlərin hansı məqsədə xidmət etdiyi onlara aydın deyil: "Düzünü desəm, bu mövzudan artıq bezmişik. Birincisi bu, nə mövzudur, kim atıb ortaya? Məqsədlərini isə bilmirik. Zənnimcə, bu ideyanın ortaya atılması lazımsızdır və bizim ailəyə yaraşmayan haldır. Əslində bunun özü heç ciddi bir mövzu deyil. Bu baxımdan fikrimi tam dəqiq deyə bilmirəm. Ancaq 100 faiz əminəm ki, bunu kimsə ciddiləşdirmək istəyir. Hamı bilməlidir ki, Abbas müəllim öz prinsipal mövqeyini illər boyunca müəyyənləşdirib. Azərbaycanda hamı atama hörmət edir. Bu kimi mövzular əlbəttə ki, həm Abbas müəllimə olan münasibəti, həm də ki, illərdir ki, onun göstərdiyi səyləri və fəaliyyəti dəyişmir. İndi bilmirəm, bu məsələni qabardan şəxslər nə etmək, nəyə nail olmaq istəyirlər? Bu haqda mətbuata şərh verməyi də özümə yaraşdırmıram, çünki ehtiyac görmürəm".