Aksiyada saxlanılan şəxslər danışıb

9 Oktyabr 2012 10:16 (UTC+04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiya zamanı saxlanılan şəxslərlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının Polis İdarələrinin müvəqqəti saxlanılma təcridxanalarına (MST), həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə növbədənkənar başçəkmələr həyata keçiriblər.

Başçəkmələrdə məqsəd 5 oktyabr 2012-ci il tarixdə Təhsil Nazirliyi qarşısında keçirilmiş aksiya zamanı saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanışlıq olub.

İnzibati qaydada və təqsirləndirilən şəxs qismində həbs olunmuş şəxslərlə söhbət zamanı onlar saxlanıldıqları müəssisələrdə rəftar və şəraitdən şikayət etməyiblər.

Sevinc Fədai
AzNews.az