İnsan olmaq şansı

9 Oktyabr 2012 10:25 (UTC+04:00)


Bu yazı saytın oxucuları ilə ilk görüşümdür. Ona görə də, Sizdən heç nə istəyə bilmərəm, Sizə nə vermişəm ki, nə istəyim...?

Mən üç nəfərlik ailəsi ilə böyük villada yaşayan birinə "bir otağından imtina et" deyə bilmərəm, yüz minlik maşın sürənə "yetmiş minlik maşın sür" deyə bilmərəm, mən heç hər axşam restoranda min manat "çay pulu" verənə də "bir axşamlıq ac qal" deyə bilmərəm...

Mən kiməm ki?

Amma mən özüm kimi yaşayan insanlara səslənə bilərəm...

Sabahından sığortalanmayan, başına gələ biləcək hər hansı hadisədə köməksiz qalan, bütün günü çalışıb, sabah günortaya qədərini qazana bilən... üstünə getməyə kimsəsi olmayan insana...

Deyə bilərəm ki, gəlin iki körpənin anasız böyüməsinə imkan verməyək...

Mən insanlar tanıyıram ki, Ramazanda bir-birinin həvəsinə, iftar süfrələri arxasında münasibətlərini "möhkəmləndirmək" üçün oruc tutur... Amma mən onlara necə deyim ki, bu dəfə iki körpənin anasız böyüməməsi üçün bircə günlük iştahana YOX de..?

Mən ana olan və anası olan qadınlara səslənə bilərəm: bu payız qarderobumuzu yeniləməyək... Bu həftə gözəllik salonlarına getməyək... Əvəzində iki körpənin anasız böyüməsinə imkan verməyək...

Mən ata olan və atası olan kişilərə səslənə bilərəm: müvəqqəti olaraq sevgini pulla almayın...

Müvəqqəti olaraq göylərdən yerə, alilikdən insanlığa... taksilərdən metroya enək... Hərəmiz bircə dəfəlik şam süfrəmizdə desertdən imtina edək ki... sabah başımıza gələ biləcək hər bəlada kimdənsə kömək istəməyə üzümüz olsun...

Axı bizə hər gün kimisə xilas etmək fürsəti verilmir. Bir az həqiqi qəhrəman olaq. Jurnalist həmkarımız Murad Hüseynovun xanımı Gülər Məmmədovanın həyatı bizim əlimizdədir... Sizdən olmayanınızı istəmirik, kiçik və həyati əhəmiyyəti olmayan zövqlərinizdən bir həftəlik imtina etsəz, insan həyatı qurtarmış olarsız... Bəlkə bu günahlarımızın bağışlanması üçün əlimizə düşən sonuncu şansdır... Bəlkə növbədə bizik? Bəlkə sabah Gülərin yanındakı palatada bizim birimiz uzanıb ya Bakıdan gələn "120 min toplandı", ya da "iki həftə vaxtın var" xəbərini gözləyəcəyik...

Körpələrimizin gözünə baxaq... Onlar bizsiz necə olar? Gülərin körpələri Onsuz necə olacaq?

Bizə hər gün İNSAN olmaq şansı verilmir... şansımızı dəyərləndirək...

Dəyərləndirək ki, İKİ KÖRPƏ ANASIZ BÖYÜMƏSİN!!!

Murada və Gülərə kömək edək... Qoyun bu böyük məbləğ bizim kiçik məbləğlərimizlə toplansın...