YAP-çı millət vəkili: “İP-in qanunsuz aksiyası yolverilməzdir”

9 Oktyabr 2012 13:04 (UTC+04:00)
"Hakimiyyət iddiasında olan qüvvə ilk növbədə qanuna hörmət etməlidir". Bunu AzNews.az-a açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, hər bir müxalifətçi mövcud hüquqi çərçivədə fəaliyyətini ortaya qoymalıdırlar: "Buna əməl etməsələr, onların gələcəkdə nə nüfuzu olacaq, nə də fəaliyyətlərinə müsbət qiymət veriləcək. Onlar bilməlidirlər ki, Azərbaycan hüquqi dövlət olduğuna görə istənilən qüvvənin addımlarına hüquqi qiymət veriləcək"

Millət vəkili qeyd edib ki, İctimai Palatanın qanunsuz aksiya keçirməsi yolverilməzdir: "Hər kəs qanuna əməl etsə, heç bir narazılıq olmaz. İP-də buna əməl etməlidir".

Xatırladaq ki, İctimai Palata oktyabrın 13-də aksiya keçirmək qərarı verib. Mitinq yürüşün tələbi parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidır. Yürüş keçmiş Əzizbəyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur. Artıq, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib.

İlkin Pirəli
AzNews.az