Ermənilər İsrail parlamentində söz sahibi deyil

10 Oktyabr 2012 08:19 (UTC+04:00)


"İsrail Knesseti Ramil Səfərov məsələsinə qarışa bilməz. Çünki, Azərbaycan-İsrail parlamentlərarası əlaqələri yaxşı səviyyədədir". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov bildirib.

Deputat söyləyib ki, İsrail Knesseti Azərbaycan həqiqətlərini qəbul edir: "İnanmıram ki, ermənilər Ramil Səfərov məsələsi ilə bağlı İsrail parlamentində nəsə qəbul etdirsinlər. Çünki, bizim İsraildə güclü dostlarımız var. Hətta İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri də Azərbaycanpərəstdir, Azərbaycan həqiqətlərini qəbul edir".

Hazırda İsrailin İran və digər qonşu dövlətlərə böyük problemlərinin olduğunu xatırladan Y.Abramov deyib ki, bu səbəbdən də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini əks etdirən hər hansı sənədin İsrail Knessetində qəbul edilməsi indi çətindir.

Onun sözlərinə görə, Xocalı soyaqırımı və digər erməni cinayətlərini əks etdirən hər hansı qərarın İsrail Knessetində qəbul olunması üçün ilk olaraq səfirlik fəaliyyət göstərməlidir: "Təkcə Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun bu istiqamətdə fəaliyyəti kifayət etmir.

Azərbaycanın hələlik İsraildə səfirliyi mövcud deyil və bunun səbəbləri də hamıya yaxşı bəllidir. Çünki, Azərbaycan İsraildə səfirlik açsa, bu bəzi dövlətləri qıcıqlandıracaq. Ona görə də Azərbaycan Prezidenti çox dəqiq və balanslaşdırılmış xarici siyasət həyata keçirir".

Vasif Həsənli
AzNews.az