Qaraqoyunlu dövləti Teymurləngin qoşunlarını məğlub edib – 607 il öncə

21 Aprel 2015 09:42 (UTC+04:00)

Tarixdə bu gün aprelin 21-də 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

1408 - Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb. Azərbaycan torpaqlarında Teymurilərin (Teymur özü 1405-də vəfat edib) hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövləti tərkibinə daxil edilib.

1816 - Məşhur ingilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. "Ceyn Eyr", "Şerli", "Müəllim", "Yaşıl cırtdan" və s. romanların müəllifidir.

1864 - Alman filosofu, tarixçi, müasir sosiologiyanın banisi Maks Veber (Max Weber, 1864-1920) anadan olub. "Protestan etikası və kapitalizmin ruhu" əsərinin müəllifidir.
1910 – Görkəmli Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens, 30.11.1835 - 1911) vəfat edib. "Heklberri Finnin macəraları", "Tom Soyerin macəraları" və s. məşhur romanların müəllifidir.

1922 — Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: "Qara qulaq ağ Bim", "Burada üfüqlər sakitdir" və s.

1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən Moskonsertin solisti olub.

1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

1995 - ATƏT-in Minsk qrupunda həmsədr İsveçi Finlandiya əvəz edib. İkinci həmsədr ölkə - Rusiya isə bu formatda əvəzsiz (dəyişməz) olaraq qalırdı. Minsk qrupunda bu vəziyyət 1996-cı ilin sonunadək (ATƏT-in Lissabon sammiti) davam edib, 1997-ci ildən üçlü həmsədr (Rusiya, ABŞ, Fransa) institutu yaradılıb.