“Azərbaycanlı futbolçunu öldürənlər cəzasını alacaq” – Masis Nazaryan

22 Aprel 2015 17:11 (UTC+04:00)

Bunu AzNews.az-a Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan" ictimai təşkilatının sədri, iş adamı Şahin Şıxlinski deyib.



Onun sözlərinə görə, Yevgeni Kuyvaşevin göstərişi ilə şəhər administrasiyanın rəhbəri ilə görüş keçirilib: "Görüşdə mən, güc strukturlarının nümayəndələri və "Ani-Ermənistan" ictimai təşkilatının regional bölməsinin rəhbəri Masis Nazaryan iştirak edirdi. Administrasiya rəhbəri bildirdi ki, qubernator bu cinayət faktını şəxsən nəzarətə götürüb. Bizdən xahiş etdilər ki, narahat olmasınlar, qubernator Emil Hüseynovun cinayət işini öz öhdəsinə götürüb. Erməni diasporunun sədri də çıxış edərək vurğuladı ki, cinayətkarlar lazımi cəzasını almalıdırlar".

Ş.Şıxlinski E.Hüseynovun qətlində iştirak edən 6-cı şəxsin hələ də həbs olunmadığını qeyd edib: "Hazırda onun axtarışları davam edir. Güc strukturları qətldə iştirak edən digər erməninin həbs olunacağını bildirirlər".

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov aprelin 20-də Yekaterinburq şəhəri yaxınlığında azərbaycanlılara məxsus kafedə ermənilərlə dava zamanı qətlə yetirilib.

Qətldə iştirak edən 6 nəfərdən 5-i artıq tutulub. Həbs edilən Tiqran adlı erməni cinayəti boynuna götürüb.

Bahar RÜSTƏMLİ
AzNews.az