Azərbaycan yazıçıları kitabdan danışdı: “Ölkədə kitaba qarşı laqeydlik var”

23 Aprel 2015 12:37 (UTC+04:00)

Azərbaycanın tanınmış yazıçıları bununla bağlı fikirlərini AzNews.az-la bölüşüb.


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rüstəm Behrudinin sözlərinə görə, indi hamı metroda əlində telefon ya mesaj yazır, ya da oyun oynayır, heç kəs kitab oxumur:
"Bu yaxınlarda Afrikaya getmişdim. İlk baxışdan gördüm ki, zəncilər də kitab oxuyur. Bu, mənim üçün bu çox maraqlı bir müşahidə oldu, çünki həmişə deyirdilər ki, Afrika çox geridə qalıb. Bakıda isə əvvəllər metroda, avtobusda kitab oxuyurdular. İndi bu ənənəyə də son qoyulub. Parisdə olanda gördüm ki, vaqonda yalnız iki adam kitab oxumur. Onlardan biri mən idim, digəri isə zənci uşaq. Qocadan cavana kimi hamı kitab oxuyurdu. Azərbaycanda isə kitab oxumaq mədəniyyəti çox aşağıdır. Son vaxtlar "Qanun" Nəşrlər Evi və bir sıra nəşryyatlar kitabların təbliğatı ilə məşğul olur. Kitab mağazalarına daxil olanda hiss edirsən ki, kitabla maraqlanan insanların sayı çoxalır. Özü də bu insanlar 25 yaşınadək olan gənclərdir. Yuxarı nəslin nümayəndələri isə qayğıları çox olduğundan az kitab oxuyur. Bir millətin başına nə gəlirsə, onun cahilliyindən gəlir. Kitab oxumamağın özü isə əsil cahillikdir. Ancaq etiraf edək ki, Azərbaycanda kitab oxumaq mədəniyyəti yavaş-yavaş formalaşmağa başlayır".

Müəllif hüquqları mövzusuna da toxunan R.Behrudi vurğulayıb ki, Sovet hakimiyyəti illərində Azərbaycanda Müəllif Hüqüqlarının Müdafiə Komitəsi adlı idarə vardı: "Həmin dövrdə o quruma müraciətlər olurdu. İndi isə müəlliflərin hüquqlarının necə qorunduğunu bilmirəm. Əslində, bu məsələ mənim üçün maraqlı deyil".


Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa isə qeyd edib ki, bütün zamanlarda inkişafın əsas stimulu, əsas rəhni kitab olub: "Amma təəssüfedici haldır ki, son zamanlar, xüsusən bizim ölkədə kitaba qarşı laqeydlik yaranıb. Bundan irəli gələrək plagiatların da sayı çoxalıb və bir çox müəlliflərin hüququ pozulub. Elə bu səbəbdən də mətbuatda tez-tez "köçürülmüş" əsərlər və onların üzdəniraq müəllifləri barədə ifşaedici yazılar oxuyuruq. Ancaq buna baxmayaraq xalqımıza "Kitab oxuyun. Oxumayan millətin aqibəti yaxşı olmaz" müraciətini edirəm".

Bahar RÜSTƏMLİ