Bahar Muradova: “Gülərin “alveri” alınmayıb”

10 Oktyabr 2012 13:09 (UTC+04:00)
"Hər kəsin "videoqalmaqal" olayına öz prizmasından olan bir münasibəti və eyni zamanda, hamının da ümumi bir münasibəti var. Bu münasibət də ortadadır və müvafiq hüquq-mühafizə orqanları da bununla bağlı öz işlərini görürlər". Bunu Milli Məclis (MM) sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradova məlum "videoqalmaqal"la bağlı sabiq millət vəkili Gülər Əhmədovanın hakim partiyanın icra katibi Əli Əhmədovun ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibətini bildirərkən deyib.

Vitse-spikerin dediyinə görə, hazırda "videoqalmaqal"la əlaqədar istintaq gedir və belə düşünür ki, həm mətbuatımız, həm ictimai-siyasi xadimlərimiz, həm də məlum qalmaqalın iştirakçısı olan tərəflər maraqlı olmalıdırlar ki, istintaqın gedişinə mane ola biləcək hər hansı bir açıqlamaya, hansısa bir hərəkətə, hansısa bir fəaliyyətə yol verilməsin:

"Şəxsən mənim qənaətim belədir. O ki qaldı kimisə təhqir olunmasına, istənilən halda təhqir edənin, təhqiramiz fikrə və hərəkətə yol verənlərin yanlış yolda olduğunu düşünürəm. Bu, heç də işin xeyrinə deyil, gedən proseslər də onu göstərir, bu, işin xeyrinə deyil. Əgər yaxşı bir fikir söyləyə bilmirsənsə, o zaman pis fikri söyləməməyin də tərəfdarıyam. Yaxud da, əgər istəmirsənsə, digər fikirlərini özündə saxlamağın tərəfdarıyam. Çünki kimsə düşünməsin ki, bu, təkcə onun məsələsidir. Bu, ümumi bir məsələdir və vətəndaşlar da- sıravi, adi azərbaycanlı da bu prosesi izləyir, eyni zamanda, kənardan bu prosesi müşahidə edən dairələr var. Ona görə onların əlinə hər hansı bir bəhanə vermək və məsələni başqa istiqamətə yönəltmək, başqa maraqlar müstəvisinə gətirməyə imkan vermək olmaz. Mənim mövqeyim bundan ibarətdir, həm də düşünürəm ki, qalmaqal iştirakçısı olanların fəaliyyəti və danışıqlarından çox şey asılıdır".

"Bilirsiniz, "mandat alveri" absurd məsələdir. Məlum "videoqalmaqal" hadisəsinin özü də göstərir ki, bu "alver" alınmayıb". Bunu isə B. Muradova məlum "videoqalmaql"dan sonra ölkədə hər parlament seçkisi zamanı mandat alverinin getməsi barədə səslənən iddialara münasibətini bildirərkən qeyd edib. Vitse-spiker eyni zamanda deyib ki, bu günə kimi buna cəhdlər olub və əmindir ki, bundan sonra da kimlərsə buna cəhdlər edəcək.

"Hər kəs düşünür ki, o, daha artığını əldə edə bilər, etməlidir və bunun da müxtəlif yollarını arayır. Düz adam düz yolla gedir, əyri adam isə əyri yollarla gedir. Əyri yollarla bəlkə də harasa qədər getmək olar. Amma mütləq düz onu kəsəcək. Ona görə də bunun ətrafında ajiotaj yaratmağın tərəfdarı deyiləm, bunu "baxın, görürsünüz, biz deyirdik ki, Azərbaycanda parlament belə formalaşıb"- deyə, fikir söyləyənlərin saman çöpündən yapışması kimi qəbul edirəm".

B.Muradova həmçinin bildirib ki, bu kimi fikirlərin də qətiyyən, Azərbaycan parlamentinə aidiyyəti yoxdur: "Şəxsən seçki prosesində 3 dəfə iştirak edən insan, Yeni Azərbaycan Partiyasının namizədi , nümayəndəsi, parlamentə seçilmiş şəxsi kimi tam qətiyyətlə söyləyirəm ki, hakim partiyanın sıralarından seçilən və Milli Məclisdə təmsil olunan digər insanlar bu cür yollarla yox, seçki qanunvericiliyinin müəyyən etdiyi prosedurlara əməl edərək, qabiliyyətlərini, bacarıqlarını, peşəkarlıqlarını sübut edərək gəlib bu mövqeni tutublar.

Yəni, hər kəsə yalnız onun özünün fəaliyyətinə görə qiymət vermək lazımdır. "Videoqalmaqal"dan göründü ki, bu "alver" alınmayıb və hara qədər gəlibsə, o yol istintaq orqanları tərəfindən keçiləcək və ona obyektiv qiymət veriləcək. Hər kəs də öz hərəkətinə, öz əməlinə görə adekvat cəzasını alacaq. Mən əminəm ki, həmin gün hər kəs ədalətin təntənəsinin şahidi olacaq"./modern.az/

AzNews.az