127 minə yaxın ailə ünvanlı yardım alır

11 Oktyabr 2012 04:53 (UTC+04:00)
Azərbaycanda icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

"Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün iş aparılır. Araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilmişdir. Bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaqdır. Möhtərəm cənab Prezident! Qeyd etdiyiniz kimi, ünvanlı yardım aztəminatlı vətəndaşın minimum ehtiyaclarını ödəmək üçündür. Yoxsulluqdan çıxış, maddi rifahın yaxşılaşması isə yalnız səmərəli məşğulluq vasitəsilə mümkündür. Mütərəqqi dünya təcrübəsi əsasında icra olunan "Özünədəstək" proqramı məhz müvafiq potensialı olan aztəminatlı ailənin məşğulluğuna imkan yaratmaqla, onun yoxsulluqdan çıxmasına şərait yaradır. İndiyədək pilot olaraq, 13 rayonda vətəndaşlar tərəfindən böyük maraq göstərilən proqrama 281 ailə cəlb edilmişdir. Proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Bu isə nəticə etibarilə yeni iş yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaqdır. Beləliklə, qeyd olunan aktiv proqram nəticəsində ünvanlı yardım alanların sayının 30 faizə qədər azalacağı gözlənilir", - nazir deyib.

Onun sözlərinə görə, növbədə dayanan bütün müharibə əlilləri və şəhid ailələrinin yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları barədə Prezidentin verdiyi tapşırığa əsasən, mənzil tikintisi getdikcə sürətlənir.

"Artıq 5 minə yaxın mənzil tikilərək istifadəyə verilmişdir. Cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaqdır. Yaxın aylarda ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaqdır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaratmışdır. Hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır. Eyni zamanda, cari ildən etibarən, pilot layihə kimi ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinə cəlb edilmişdirlər. İlkin mərhələdə sağlamlıq imkanları məhdud uşaqlara və sosial cəhətdən risk vəziyyətində olan yetkinlik yaşına çatmayanlara bu xidmətlər göstəriləcəkdir", - deyə Ələkbərov bildirib.

Nazir qeyd edib ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı demoqrafik vəziyyətə də müsbət təsir göstərmişdir.

"1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azaldığı halda, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil etmişdir. Hesablamalar göstərir ki, növbəti onilliklərdə bütün dünyada, o cümlədən ölkəmizdə yaşlaşma prosesinin güclənəcəyi gözlənilir. Proqnoz göstəricilərə əsasən 2050-ci il üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaqdır. Buna görə də, yaşlı insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə növbəti Dövlət Proqramının hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir. Möhtərəm cənab Prezident, Respublika hökumətinin 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair iclasında Sizin əmək bazarına daha güclü nəzarət olunması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə verdiyiniz tapşırığın icrası daim diqqət mərkəzindədir. Bununla əlaqədar, aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla birgə qeyri-leqal məşğulluğun aradan qaldırılması üzrə birgə komissiya yaradılmışdır. Konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilərək tədbirlər görülməkdədir. Dövlət Əmək Müfəttişliyi Xidməti təkcə son üç ayda 31 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin etmişdir. İnzibati tədbirlərlə yanaşı, vətəndaş maarifləndirilməsi işləri görülmüş, müvafiq mövzuda videoçarxlar nümayiş etdirilmiş, təşviqat xarakterli müxtəlif çap məhsulları hazırlanaraq ictimaiyyət arasında yayılmışdır. Qeyd edim ki, son illərdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilmişdir. Bu sahədə müsbət nəticə kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2003-dən 153-ə, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80-dən 57 nəfərə enmişdir. Sizin tapşırığınıza uyğun olaraq, əmək hüquqlarının təmin edilməsinə dövlət nəzarəti müasir tələblər səviyyəsində qurulmaqdadır" - deyə əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib.

Ələkbərovun sözlərinə görə, bu sahədə tədbirlərdən biri kimi, Dünya Bankı və Avropa İttifaqı ilə birgə layihələr çərçivəsində iş yerlərində təhlükəsiz əmək şəraiti normalarına uyğunluğun ölçülməsi sahəsində əmək müfəttişləri üçün müasir mobil laborator avadanlıqlar alınmışdır.

"Hazırda müfəttişlərin peşəkarlığının artırılması üzrə təlim strategiyası icra olunur. Əmək bazarının keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğun səriştəli əmək qüvvəsinin yaradılması məqsədi ilə Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması işləri aparılır. Bakı və Göyçay Peşə Tədrisi Mərkəzləri müasir tələblər səviyyəsində yenidən qurulmaqla, Gəncə şəhərində də belə bir mərkəzin yaradılması nəzərdə tutulur. 5 sentyabr 2012-ci il tarixində təsdiqlənən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Dövlət Proqramı"nda dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmuşdur. Diqqətinizə çatdırım ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, habelə vətəndaş qəbullarında müxtəlif ictimai birliklərin iştirakı təmin olunur. Hələ ötən il nazirlikdə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura yaradılmışdır. Bununla yanaşı, nazirliyin artıq əksər fəaliyyət sahələri üzrə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir", - Ələkbərov deyib.

Nazir qeyd edib ki, son illərdə əmək və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq xeyli güclənmiş, layiqli əməyin təminatı mövzusunda Bakıda bir sıra beynəlxalq səviyyəli tədbirlər təşkil edilmişdir.

"Cari ilin dekabrında isə ölkəmizdə MDB-nin əmək və sosial məsələlər üzrə Məsləhət Şurasının yubiley iclası keçiriləcəkdir. Eyni zamanda, 2013-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirlərinin, 2015-ci ildə isə Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin konfranslarının Azərbaycanda keçirilməsi gözlənilir. Möhtərəm cənab Prezident! Çıxışımın sonunda əmin edirəm ki, ölkəmizdə sosial rifahın yüksəldilməsi istiqamətində aktiv proqramlar və effektli iş mexanizmləri əsasında bundan sonra da səylə çalışacağıq", - nazir deyib.

AzNews.az