“Ermənistan hakimiyyəti vaxt qazanmağa çalışır”

11 Oktyabr 2012 05:15 (UTC+04:00)
"Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini yubandırmaqla vaxt qazanmağa çalışır". Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

O söyləyib ki, Ermənistan hakimiyyəti erməni icmasının Azərbaycan tərəfi ilə görüşlərinə də qadağa qoyub.

Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüşün keçirilməməsinə səbəb də məhz budur: "Ermənistan hakimiyyəti erməni icmalarını hədələyir ki, bizimlə görüşə gəlməsinlər. Prezident Serj Sarkisyan çox yaxşı bilir ki, işğal altında saxladıqları torpaqlar Ermənistanın deyil və gec-tez Azərbaycana qayıdacaq. Hətta ermənilər istəməsələr belə, həmin torpaqları biz azad edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bunu beynəlxalq ictimaiyyət də təsdiqləyir".

B.Səfərov qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar Ermənistan hakimiyyətində də çaşqınlıq yaradıb.

Onun fikrincə, S.Sarkisyan Azərbaycan dövlətinin uğurlarını erməni əhalisindən gizlədə bilmir: "Ermənistanda yoxsulluq və səfalət içərisində boğulan əhali S.Sarkisyanın hakimiyyətdən getməsini tələb edir. Artıq Ermənistanda əhali qalmayıb, hamısı acınacaqlı sosial-iqtisadi vəziyyət səbəbindən xaricə qaçırlar. Bütün bunları görən S.Sarkisyan cəfəng bəyanatlar verməklə gündəmi dəyişməyə çalışır".

Vasif Həsənli
AzNews.az