“Gülər Əhmədova iyrənc adamdır“

11 Oktyabr 2012 05:57 (UTC+04:00)


Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən qalmaqallı videogörüntüsü yayılmış sabiq millət vəkili Gülər Əhmədovadan danışıb. Hadı Rəcəbli deyib ki, neçə gündür ki, kütləvi informasiya vasitələri mətbuat orqanları bu mövzu ilə bağlı ondan müsahibə istəyirlər: "Açığını deyim, mən də min bəhanə ilə müsahibədən qaçırdım, bunun sonradan ondan qisas almağa çalışmağım kimi qiymətləndiriləcəyini düşünüb, bundan imtina edirdim". O bildirib ki, Gülər Əhmədovanın Əli Əhmədova qarşı etdiyi iyrənc hərəkət, "Yeni Müsavat" qəzeti ilə guya yalançı münaqişəsindən sonra Lent.az-ın müraciəti ilə müsahibə verməyə razılaşmaq qərarına gəlib.

Teleqraf.az deputatın müsahibəsinin bir hissəsini təqdim edir: "Gülər Əhmədova "Yeni Müsavat" qəzeti ilə bağlı iddialar səsləndirir ki, guya ona qarşı qəzet təxribat törədir, amma bəs nə əcəb "Yeni Müsavat"-ın saytında "Mərkəz" qəzetinin banneri, loqosu yerləşdirilmişdi? Bu, necə olur? Məni müsahibə verməyə məcbur edən məsələlərdən biri də budur. Onun müsahibələrinə, atmacalarına, facebook oyununa baxıram, deyir ki, zarafat edir... Sən bu dəqiqə ən aşağısı, az qala istintaq, həbs altındasan, deyirsən ki, zarafat edirəm! Bu sözlər cəmiyyəti qıcıqlandırır. Mən bu gün birmənalı şəkildə demək istəyirəm ki, hakimiyyət bu məsələyə adekvat qiymət verdi. Düşünürəm ki, mənəviyyatsız, belə iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirdilər. İctimai rəyi çaşdırmaq, aldatmaq olmaz. Belə olmalı idi, başqa cür ola da bilməzdi. Özü ilişdi, özü özünü cəzalandırdı, ifşa etdi.."

AzNews.az