“III Qlobal Bakı Forumu uğurla başa çatdı” - Nazim İbrahimov

29 Aprel 2015 21:36 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Forumun bağlanış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, iki gün davam edən Forum işini uğurla başa vurur.

Onun sözlərinə görə, Forumda çox tanınmış, təcrübəli insanlar fikir mübadiləsi aparıblar və həmin dəyərli fikirlər bundan sonra da onlara işində yardımçı olacaq: "Forum uğurla keçdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu Forum artıq daimi xarakter alır. Bu Forum hər il keçiriləcək. Bakı şəhəri böyük siyasi proseslərin müzakirəsi platformasına çevriləcək".

Daha sonra çıxış edən NGBM-in həmsədrləri - Madrid Klubunun prezidenti, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa və Misirin İskəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin də Forumun müvəffəqiyyətlə keçdiyini, dünyada aktual məsələlərin müzakirə edildiyini bildirdilər.

Sonda Dövlət Komitəsinin sədri N.İbrahimov elan edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə həm V.Vike-Freyberqa, həm də İ.Serageldin "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.

Medalları təqdim edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, xanım V.Vike-Freyberqa Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərindəki fikirlərin, dəyərlərin dünyaya çatdırılmasındakı xidmətlərinə görə, İ.Serageldin isə dünya elmi irsinin qorunub saxlanılması, Nizami Gəncəvinin bəşəri fikir və ideyalarının öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə görə bu medala layiq görülüblər.

Qeyd edək ki, III Qlobal Bakı Forumunda bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak edib. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olub.
"Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan Forumda dünyanı narahat edən məsələlər, yeni dünya nizamının başlıca problemləri – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiya məsələləri, eləcə də bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb.