“İctimai Palata prezident seçkilərinə qatılmayacaq”

11 Oktyabr 2012 07:38 (UTC+04:00)


"Qarabağ" blokuna daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Gündəlik Teleqraf" qəzetinə müsahibəsində İctimai Palatanı tənqid edib. O deyib ki, İP vahid namizəd məsələsində fikir birliyinə gələ bilmədiyi üçün böyük ehtimalla 2013-cü il prezident seçkilərində iştirak etməyəcək: "İctimai Palata öz daxilində vahid namizəd məsələsində razılıq olmadığından 2013-cü il seçkilərində iştirak etməyəcək və bunun müqabilində 2015-ci il parlament seçkilərində hakimiyyətdən pay alacağına ümid edir. Yəni Palatada vahid namizəd olmadığından 2015-ci ilə hesablanan siyasət aparır. Əgər onlar namizəd verə bilməsələr, razılaşma olmasa, demək ya İctimai Palata seçkidə iştirak etməməlidir, ya da dağılmalıdır. Üçüncü variant yoxdur".

"Qarabağ" blokuna daxil olan digər partiyanın-Ümid Partiyasının sədri İqbal Ağazadə də ADP sədrinin fikirləri ilə razılaşdığını deyib. O, AzNews.az-a açıqlamasında söyləyib ki, siyasi təhlillər onu göstərir ki, İP qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək: "Sərdar bəyin fikirləri ilə mən də razılaşıram. IP-in prezident seçkilərində iştirak etməməsinin bir sıra səbəbləri var. Mən onu deyə bilmərəm. Çünki mətbuata açıqlanası məlumatlar deyil".

İ.Ağazadə qeyd edib ki, Ümid Partiyasının seçkilərdə iştirak edəcəyi hələ bəlli deyil: "Biz "Qarabağ" bloku olaraq bunu müzakirə edəcəyik. Müzakirələrdən sonradan qərar verəcəyik".

İlkin Pirəli
AzNews.az