“Mənə yüksək vəzifə təklif etdilər” – Bahəddin Həziyev (Müsahibə)

1 May 2015 12:02 (UTC+04:00)

Aprelin 28-də Azərbaycanın tanınmış jurnalistlərdən biri, "Bizim yol" qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyevin ad günü idi. Telefonla həmkarımızı təbrik etsək də, ondan geniş müsahibə almağı planlaşdırdıq. Ancaq bu planı bir az ertələdik, çünki düşündük ki, 50 yaş istər-istəməz yubiley sayılır və onun da qonaq-qarası ola bilər. Sadəcə, vaxtını almaq istəmədik. Görüşümüz isə, dünən onun ofisində baş tutdu. Salamdan sonra telefonun diktofonunu işə salıb sualları yağdırmağa başladım. Telefonu söndürəndə özümdən asılı olmayaraq yazılan faylın surəsinə baxdım. Söhbətimiz düz 50 dəqiqə alınmışdı. Bu haqda müsahibimə heç nə demədim. Düşündüm ki, bəlkə bunun özündə də bir mistika var. 50 yaşlı insanla müsahibə yalnız 50 dəqiqə alına bilər...



- Bahəddin bəy, təlatümlü bir həyat tərzi keçibsiniz, müxtəlif qəzetlərdə çalışmısınız. Hətta, bir dəfə də ölümdən dönmüsünüz. Bəlkə o illərə yenidən bir göz ataq. 50 ilin hesabatını verməyin vaxtı yəqin yetişib...
- Bu 50 ildə hər bir insan kimi mənim xoş və acı günlərim olub. Ali məktəbə daxil olmağımı, övladlarımın dünyaya gəlməyini xoş günlərdən hesab edirəm. Dostlarımızın əldə etdikləri uğurlar da o xoş günlərimin sırasındadır. Peşəmdən asılı olaraq isə kədərli günlərimizin sayı çox olub. Bunlar da təbii olan şeylərdir.

- Gəlin, söhbətimizə elə ilk iş yerinizdən körpü salaq.
- Mənim ilk iş yerim Tərcümə Mərkəzində "Xəzər" jurnalı olub. Sonra isə işimi "Turan" informasiya agentliyində davam etdirdim. Yadıma gəlir ki, o agentlikdə hazırladığımız materialları qapı-qapı düşüb özümüz təqdim edirdik. Buna bəziləri ağız büzürdü, bəziləri gülürdü. Hər bir işin çətinliyi olub və yenə də olacaq. Heç kəs bundan sığortalana bilməz. Reportyor və publisist kimi çalışdığım dövrlərdə də pis günlərimin sayı həddindən artıq çox olub. Bunlar da jurnalistikanın təbii bir halıdır. Bir sözlə, seçdiyimiz peşə çox çətindir, heç də çoxlarının düşündüyü kimi asan deyil.

- Siz Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxan bir şəxsiniz, ancaq sonradan o təşkilatdan istefa vermisiniz. Bu addımı nəyə görə atdınız. İndi köhnə silahdaşlarınız hesab edir ki, Siz AXCP-nin kürəyinə bir xəncər vurubsunuz...
- Hesab etmirəm ki, köhnə silahdaşlarım elə haqsız düşünür, bunun ifadəsinə də rast gəlməmişəm. Mən özümü həmişə jurnalist kimi təqdim etməyə çalışmışam. Universitetdə oxuyarkən onun qəzetində də çalışırdım, respublika mətbuatında çıxış edirdim. Azadlıq hərəkatı elə o dövrdə başladı. Ondan öncə də tələbə təşkilatında çox fəal idim. Sonra elə oldu ki, meydan hərəkatı alovlandı, biz də təkşilatımızla ora üzv olduq. Cəbhə partiyaya çevrilənədək mən orda olmuşam. Partiya yaranandan sonra isə üzv olmaq üçün ərizə verməmişdim. Bunu heç də vacib hesab etmirdim, çünki düşünürdüm ki, partiya sıralarına daxil olan şəxs peşəkar siyasətlə məşğul olmalıdır. 2000-ci ildə isə məndən ərizə istədilər və dostların çətin dövr keçirdiyini nəzərə alaraq bu partiyaya üzv oldum. Məqsədim, sadəcə, onlara mənəvi dəstək olmaq idi. Partiyada olmaq, partiyadan getmək – bunlar müəyyən zaman kəsiyində müəyyən şəxslər tərəfindən müxtəlif cür qiymətləndirilir. Hesab edirəm ki, istənilən bir partiyanın nizamnaməsində yazılıb ki, ora daxil olmaq da, çıxmaq da könüllüdür. Konkret olaraq mənim ordan getməyimin sırf səbəbi jurnalistika ilə sıx, peşəkar məşğul olmaq idi. Çünki bilirdim ki, hər bir partiyada olduğu kimi AXCP-nin də öz siyasi marağı var. Ordasansa, ya o maraqlara qarşı çıxmalısan, ya da o maraqlar çərçivəsində fəaliyyət göstərməlisən. İkinci halda isə istər-istəməz jurnalistikadan uzaqlaşırsan. Ordan ayrıldım və buna da peşman deyiləm. Təkcə bu halda deyil, mən ümumiyyətlə etdiyim heç nəyə görə peşman olmamışam. Siyasi fəaliyyətlə jurnalistika zahirən bir-birinə yaxın görünsələr də həmin məsafə ilə də bir-birindən uzaqda dayanırlar.

- Ancaq gəlin etiraf edək ki, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə partiya üzvü olan çoxlu sayda jurnalistlər özlərinə karyera qururlar. Siz də onlardan biri ola bilərdiniz. Bu addımı atmaqla bir növ özünüzü hansısa piardan kənarda qoymusunuz. Sözünüzün qüvvəti kimi xatırladım ki, Rusiyanın məşhur jurnalisti Nikolay Svanidze bir vaxtlar deyib ki, jurnalistlər gərək siyasətin qurbanına çevrilməsinlər. Siz də partiyadan uzaqlaşsanız da elə jurnalistikanın özündə az qala qurbana çevrilə bilərdiniz...
- Yəqin söhbət 2006-cı il may ayının 18-dən 19-a keçən gecə başıma gələn olaydan gedir. O vaxtları bir daha xatırlatmaq istəmirəm. Ancaq təəssüf ki, mənə sui-qəsd edib Masazır gölünün kənarına atanlar indiyədək tutulmayıb. Hətta onların kimliyi də ictimaiyyətə açıqlanmayıb.

- Döyüldükdən sonra səhərə qədər göl kənarında əl-qolu bağlı vəziyyətdə qalan bir insan necə sağ qalmağı bacardı?
- O hadisələr hamıya aydındır. Döyülmə hadisələrin miqyasını çox kiçildir. Mənim həyatıma isə həmin gecə sui-qəsd edilmişdi. Və sırf təsadüf nəticəsində orda sağ qalmışam. Məni qanaxma aparardı və ölə bilərdim. Yaxşı ki, hansısa damarım ciddi şəkildə zədələnmədi, yoxsa ölüm hadisəsi olardı. Bəlkə də o adamların məqsədləri zədə toxundurmaq olub, ancaq fəsadları böyük olduğundan mən ölümün bir addımlığında qalmışdım. Yenə buna fəlsəfi yanaşma ilə baxıram. Çətin sahədə çalışırıq. Hər şey ola bilər. Əgər ön cəbhədə dayanan əsgər hər saniyə ölümlə üz-üzə qalırsa, bizim də çalışdığımız sahənin öz riskləri olur. Mən də ömrümdə bir dəfə onu yaşamalı oldum. Türklər demişkən, "Təki Vətən sağ olsun!". Çünki bu yolu özümüz seçmişik, şikayətlənməyə haqqım yoxdur.



- Siyasi karyera qurmaqdan və siyasətçi kimi tanınmaqdan imtina etdiniz...
- Sözün düzü, məşhur olmaq kimi bir dərdim yoxdur. Mən indinin özündə də tanınmağa çox meylli deyiləm. Bu yaxınlarda müsahibələrimin birində demişdim ki, tanınmaq heç də yaxşı şey deyil.

-Ancaq bu, bir balaca sadəlövhlük kimi səsləndi. Elə jurnalistikaya qədəm qoyan insan da öz imzasıyla həmişə tanınmağa çalışıb. Siz də ölkədə kifayət qədər tanınmış jurnalistsiniz…
- Mən tanınmaq istəyənlərin da tanınmaq istəklərinə çox normal baxıram. Hər kəs öz istəklərində haqlıdır. Düzdür, bizim sahəmiz elədir ki, burda kimsə səni tanıyacaq. Mən isə başqa tanınmaqdan danışıram. Misal üçün, küçə ilə gedəndə kimsə səni barmaqla göstərsin ki, baxın, gələn filankəsdir. Mən isə yazılarımla, saytımla, qəzetimlə tanınmaq istəyirəm. Daha doğrusu, istəyirəm ki, məni yox, işimin nəticəsini tanısınlar. Bir sözlə, tanımasalar da mənim üçün faciə deyil. Xüsusi olaraq tanınmağa cəhd etməmişəm.

- Deməli, partiyadakı siyasi fəaliyyətinizi öz seçdiyiniz "Bizim yol"a qurban verdiniz…
- Partiyada olanda da "Bizim yol"da idim. 2005-ci ilin dekabrından bu qəzetə rəhbərlik edirəm. Partiyadakı siyasi fəaliyyətimin dayandırılmasından sonra qəzetə daha çox vaxt ayırdım. Həm də müəyyən yaş dövrü gəlir ki, insan istər-istəməz öz ətrafına biganə qalmamağa üstünlük verir. Öz enerjimizdən dostumuza, qohum-əqrabamıza da sərf edirik. İnsan yaşlaşdıqca həyata başqa gözlə baxır. Bəziləri siyasi həyata baş vurmaqla istəyir ki, gələcəkdə deputat olsun, ya da hansısa bir vəzifə tutsun. Mənim isə belə bir niyyətim olmayıb. Düzdür, 2005-ci ildə seçkilərdə iştirak etdim, səs də topladım. Bu hal istisnadır. Xalq Cəbhəsi hakimiyyəti dövründə də mənə bir neçə yüksək vəzifə təklif etmişdilər. O vəzifələrə də getmədim.

- Konkret olaraq hansı vəzifəni təklif etmişdilər?
- O vəzifələrə getməmişəmsə, adlarını çəkmək istəmirəm. Həm də o hakimiyyət indi yoxdur. Sevinirəm ki, yaxşı ki, hakimiyyətdə təmsil olunmamışam. Çünki ümumiyyətlə dövlət məmuru rolunda özümü görmürəm. Deməli, siyası karyera qurmuramsa, mənim siyasətdə yerim yoxdur.

- Qəzetinizin tirajı o qədər də çox olmasa da, saytınızın İP göstəricisinə baxanda demək olur ki, Azərbaycanda ən çox oxucusu olan saytlardandır. Buna necə nail olubsunuz?
- Bizim saytımız müxtəlif domenlər adı ilə əvvəllər də var idi. Ötən ilin əvvəlində götür-qoy etdik ki, necə edək ki, saytımıza daxil olanların sayı çoxalsın. Onun da yolunu sosial şəbəkələr, xüsusilə Facebook vasitəsilə tapdıq. İndi bizim İP-lərin çoxu Facebook-dan gəlir. Ancaq birbaşa bizimyol.info yazıb girənlərin də sayı az deyil. Yəni bu gün saytımız öndə gedən istənilən saytla rəqabət apara bilər. Saytımızı ziyarət edənlərin elə 70 faizi mobil qurğular vasitəsilə daxil olur. Yəni operativ şəkildə hər kəs informasiya əldə edə bilir. Yüksək reytinqi olan başqa saytlar da var. Əslində biz buna sevinirik, çünki rəqabət var. Rəqabət arxayınlaşmağa qoymur.

- Yaxın gələcəkdə sayt və qəzetlə bağlı hansı planlarınız var?
- İstəyirik ki, saytımızın rus və ingilis dillərində versiyalarını yaradaq. Bu da razılaşarsınız ki, heç də asan məsələ deyil. Həm maliyyə tələb edir, həm güclü komandan və şəraitin olmalıdır. Təbii ki, bunu indiki imkanlarımızla edə bilmərik, ancaq günü-gündən buna nail olmağa çalışacağıq. Bu, həm də ölkəmiz üçün yaxşıdır. Xarici düşmənimiz də məlumdur, onunla da mübarizə aparmaq üçün o dillərdə informasiyaların yayılması məqsədəuyğundur. Sevindirici haldır ki, saytımızın Azərbaycan versiyasını Facebook vasitəsilə böyük auditoriya baxır. Hətta bu günlərdə facebook bütün dünyada saytımızı 43 milyon izləyiciyə göstərmişdi. Rekord deməkdir. Bu rəqəm 20 milyondan aşağı düşmür. Ancaq bu, rus və ingilis dillərində olsaydı, hədəfi və təsir dairəsi daha geniş olardı.

- Qəzetinizin satışı gördüyünüz bu işlərin məsrəfini ödəyə bilirmi? Yoxsa siz də qrant və layihələrlə işinizi qurmağa çalışırsınız?
- Qəzetin satışı onun çap xərcini ancaq ödəyir. Biz daha çox KİVDF ilə çalışırıq və digər xərclərimizi belə qapaya bilirik. Ancaq ümidimiz budur ki, reklamlarımız çoxalsın və nəzərdə tutduğumuz layihələrimiz həyata keçsin.

- Çoxdandı müəllif yazılarınıza rast gəlmirik. Yazmağı tərkitmisiniz?
- Qəzetin və saytın işi elədir ki, xüsusi publisistik yazı yazmağa vaxtın olmur, çünki bütün gün ərzində sayta operativ materiallar yerləşdirməklə məşğulam. İşdə olmayanda da əlimdə planşet xəbər axtarıram ki, sayta yerləşdirim. Bütün bunlar enerjimi alır. Bu işlər qaydasına düşdükcə, yenidən publisistik yazılar yazmağa başlayacağam. Özü də bir müddət yazmayanda adamın əli korşalır. Fürsət olarsa, kitab da yazmağı planlaşdırıram.

- Müsahibəyə görə sağ olun. Qoy Tanrı Sizə daha bir 50 il versin.
- Təşəkkür edirəm. Bu ad günümdə jurnalist dostlarım məni axtardığına görə çox sevinirəm. Elə bunun üçün də yaşamağa dəyər…
____
Dosye: Bahəddin Həziyev 28 aprel 1965-ci ildə anadan olub. O, jurnalistikaya milli azadlıq hərəkatı dalğası zamanı gəlib. "Turan" İnformasiya Agentliyi, "Azadlıq" radiosu, "Azadlıq", "Çağ", "Ekspress" qəzetlərində çalışıb, bəzi nəşrlərin, o cümlədən "Avropa" qəzetinin köşə yazarı olub. Hazırda "Bizim yol" qəzetinin və bizimyol.info portalının baş redaktorudur, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.


Babək Göyüş
AzNews.az