“Vəzifəli şəxslər maliyyə məlumatlarını vermir” - Monitorinq

1 May 2015 16:23 (UTC+04:00)
AzNews.az xəbər verir ki, monitorinq dövrü 2013-cü il sentyabr-2014-cü il dekabr aylarını əhatə edib.

"Konstitusiya" Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində fond tərəfindən MFP-nın monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. Onun sözlərinə görə, MFP-da nəzərdə tutulan korrupsiya əleyhinə tədbirlərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47 faiz olub: "2012-2013-cü illərin sentyabr aylarını əhatə edən dövr üçün bu göstərici 34 faiz olub. Azərbaycanda ilk dəfə olaraq MFP-nın tam monitorinqi keçirilib. Bu layihə növbəti ildə də davam edəcək. Biz monitorinq zamanı fəaliyyət planı üzrə ayrı-ayrı icra orqanlarının nümayəndələri ilə görüşdük, fikir mübadiləsi apardıq. Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində dinamika nümayiş etdiriblər".

Layihənin koordinatoru Zaur İbrahimov monitorinqin nəticələrini açıqlayaraq, qeyd edib ki, MFP dövlət qurumları, komitələr, bələdiyyələr və dövlətə məxsus şirkətlər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. O bildirib ki, ümumilikdə MFP təsdiq olunduqdan sonra korrupsiya əleyhinə keçirilən 91 tədbirin icrasının 2014-cü ildə başa çatması nəzərdə tutulub: "Monitorinqin nəticələri göstərib ki, 2014-cü ildə başa çatması nəzərdə tutulan tədbirlər də daxil olmaqla 53 tədbirin 100 faiz icra edildiyini söyləmək olar. 30 tədbir 50 faiz həyata keçirilib, 19 tədbir isə 50 faiz icra olunub. 11 bənd üzrə icra göstəricisi 30 faiz aşağıdır. "Maraqlar toqquşması haqqında" qanunun qəbulunun ləngiməsi, vəzifəli şəxslər tərəfində maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı irəliləyişin olmaması MFP-nin icrasında problemlər yaradırdı".