Mövludun mübarək, Hacı Mirəziz!

4 May 2015 11:41 (UTC+04:00)

Bir il öncə (mayın 12-də vəfat etdin) "cənub küləyi"nin belə qəfil əsəcəyini heç gözləmirdim. Amma əsdi bu "külək". "Küləyin" surəti iki yüz əlli km məsafə boyunca yayılıb bu yerlərə yetişincə sərin bir mehə döndü. Sənin gerçək həyata qədəm basmağınla - doğum gününlə müjdələdi məni. Beləcə, "məbdə və məad"ı xətm edib, gerçək həyata adladın. Öz təbrincə desəm, "köhnə qəmə tazə nəfəs bəxş etmək" üçün bütün arzuların fövqü olan ölümsüzlüyə qovuşdun.
Gerçək həyatındakı birinci ad günün mübarək, Ağa!
Heç bilmirəm sənə nə arzulayım? İndi sən elə bir ucalıqdasan ki... Ölümə qəzavət etdin, öldürdün ölümü. Öldürdün ki, həmişə diri qalasan, ey qazilər Qazisi.
İndi görən, halın necədir, xəyalında nələr var, nəyi düşünür, nələri planlaşdırırsan, niyyət və məramın nədir? Amma kim nə deyir-desin, sənin Oralarda da "sabit" dayanacağına inanmıram. İnana bilmərəm ki, "cərxi-fələyin" gərdişinə boyun əyməyən Mirəziz "ərşi-fələyin" hər sözünə ləbbeyk deyə. Kim də səni yaxşı tanımasa, mən tanıyıram. Axı, sən Mirəzizsən. Ustad Mirəziz!
Səninlə bağlı bir neçə söz var ki, onlardan heç xoşum gəlmir: "Ağa öldü" dedilər, inanmadım. "Ağa bir ildir ölüb" deyirlər, yenə də inanmıram. Çünki mənim tanıdığım Mirəziz ölə bilməz. Bu, olsa-olsa, burda – bu dünyada səni "önləyənləri", "önləmək" istəyənləri Mat qoymaq istəyinlə bağlı bir Şah gedişindir. Bu Ağayana gedişi – hər kəsi Mat qoymağı, ancaq Əziz Pünhan edə bilərdi. Səni "piyadaları" ilə ayaqlamaq istəyənləri ayağına gətirmək elə həyatın ən böyük Şah gedişidir. Bu gedişin bircə gerçək adı var - əbədi Axirət diriliyi. Onu da bacardın. Bu dəfə Pünhan deyil, həm də aşkar.
Xatırlayırsanmı, ara-sıra şahmat oynayardıq. Qəribə "gedişlərinlə" həmişə heyrətləndirərdin məni. Elə bir-iki gedişdən sonra Şahı hərəkətə gətirərdin və ilk baxışda oyun maraqsız görünərdi mənə. "Axı, şahmatda belə qayda yoxdur, piyadalarla Şahı qorumaq lazımdır" - deyərdim. Cavabın da Ağayana olardı: "Bir Şah ki, piyadanın arxasında gizləndisə, elə o da piyada kimi bir şeydir. Bu, mənim oyunumdur, sən də öz oyununu oyna". Bunu söz gəlişi xatırlatmadım. Çünki həyat şahmatını da belə oynadın, daim Şah gedişlərinlə hər kəsi Mat etdin. Allah şahiddir ki, bir dəfə də olsa, bu həyat məktəbində səni uduzan görmədim, nə aşkar, nə də pünhan, ey əzizim, Əziz Pünhan.
Sən sonda həm də ağlasığmaz elə qəribə və laübalı bir gediş etdin ki... Hər kəs heyrətdə qaldı. Necə heyrətlənməyə bilərsən, axı? Bu gedişinlə elə bil ölümü də "çıldağ" etdin. Qorxunu, vahiməni büsbütün atdın üstümüzdən. Ölümü belə sevdirdin bizə. Adam ölmək istəyir. Çünki Mirəziz hər yerə və "gərəksiz" məkana köç etməz. Kim Ağa məqamına yüksəlmək istəməz ki?... Zamanında necə də gözəl demisən:

İstəyim tək bu deyil dəhrdə qalsın boş adım...

Sənin kimi ikinci bir insan görmədim ki, həyatın fırtınalı, təlatümlü dəryasında daim mübarizə aparsın, həm də bundan usanmasın – dalğalar onu sahil qayalıqlarına möhkəm çırpdıqca, daha da qətiyyət ortaya qoysun və məqsədə yetməyincə, əsla, geri çəkilsin.
Sənə kimlər hücum çəkmədi ki... Bir idimi, beş idimi, onlar o qədər idi ki... Dəyirmandan vağzaladək, minbərdən minarəyədək olan məsafədə hər kəs. Bilirsənmi, o zamanlar məni daha çox heyrətləndirən nə idi? O çətin, bəlkə də qaranlığın aydınlığa qovuşacağına ümidin olmadığı məqamlarda belə özünə Ağayana təsəlli verməyi unutmamağın: hərdənbir "onları da başa düşürəm, axı mən Mirəzizəm" - deyirdin. Çünki sən həqiqətən də Mirəziz idin. Bir çoxlarının qorxulu röyasına çevrilmiş Qazi Hacı Mirəziz Seyidzadə - Hafizi-Quran.
Sənin kimi Quranı tilavət edən, dinləyəni bəlağətli səsi ilə ovsunlayan, onu vəcdə gətirib ruhunu ərşin ənginliklərinə yüksəldən birisini görmədim. Və inanmıram ki, sənə bənzər kimsə ola. Şair qələmindən süzülmüş misralar sanki zərgər dəqiqliyi ilə boyuna biçilmiş:

Seyidliyin nəcabətdən,
Alimliyin fərasətdən,
Şairliyin fərasətdən,
Mövludun mübarək olsun!


Ara-sıra yuxuda görürəm səni, məndən yaman gen gəzirsən, Ağa. Heç bilmirəm nə səbəbdən? Allah eşqinə, bu dəfə yaxın gəl, sənə deyəcəklərim var...

Son söz əvəzi: Kim bilir, bəlkə də Merac səfərindəsən. Ərşi-asiman səfərin nə zaman tamam olacaq, görən? Olmaya, Qeyb aləmindəsən, Ağa? Harada və nə zaman zühur edəcəksən? Bəlkə, qiyam eyləyib Qiyamət gününə özgə qiyamət verənlərdən biri də sən olacaqsan? Ola bilər. Sənin o qədər ağlasığmaz və gözlənilməz gedişlərin olub ki. Bəlkə, bu da onlardan biri olacaq?... Təkcə, onu bilirəm ki, sən həmişə var olacaqsan.

Vasif Hüseynov