15 aşırımlı yol istifadəyə veriləcək – Yaxın günlərdə (FOTOLAR)

4 May 2015 17:56 (UTC+04:00)

"Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, ümumi uzunluğu 1070 metr olan yolda inşa edilən 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakadada son tamamlanma işləri həyata keçirilir. Estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfal-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Estakadanın Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində də artıq asfalt-beton örtüyünün çəkilişi başa çatmaq üzrədir. İşlər bitəndən sonra yolda nişanlanma xətlərinin və "Oyunlar zolağı"nın çəkilməsi işlərihəyata keçiriləcək, həmçinin zəruri olan yerlərdə yol nişanları quraçdırılacaq.

Sözügedən yol istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar , həmçinin Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.

Bundan əlavə Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də başa şatmaq üzrədir. Sözügedən ərazidə artıq yeni səki daşları qoyulub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq, ərazidən daşınıb. Yaxın günlərdə yola yeni asfalt-beton örtüyünün döşənməsinə start veriləcək.