Azərbaycan dilində danışan kamikadzenin Əfqanıstanda koalisiya qüvvələrinə məxsus hərbi bazanı partlatmasını əks etdirən video görüntülər ortaya çıxıb. APA-nın əldə etdiyi həmin video görüntülərdə Əbu Ömər Ləzgi ləqəbli mücahidin Əfqanıstanda ABŞ qüvvələrinə qarşı cihad edərək, onlara məxsus hərbi bazanı partlatması əks olunub. Hadisə 2008-ci il noyabr ayının 21-də baş verib. Əbu Ömər Ləzgi ləqəbli mücahid 3 ton partlayıcı ilə yüklənmiş avtomobili Əfqanıstanın Host vilayətində koalisiya qüvvələrinə məxsus hərbi bazanın yaxınlığına sürərək orada partladıb. Baş verən güclü partlayış nəticəsində mücahid özü və 40 ABŞ hərbçisi həlak olub.
Mücahidlər bu partlayışı və partlayışa qədər olan hadisələri anbaan video lentə alıblar. Belə ki, video görüntülərdə Azərbaycan dilində ləhcə ilə danışan mücahidin partlayıcını necə hazırlaması, xəritədə koalisiya qüvvələrinə məxsus hərbi bazanın yerinin hansı şəkildə təsbit edilməsi və partlayış gerçəkləşməzdən əvvəl onun digər mücahid yoldaşları ilə vidalaşmasını əks etdirən səhnələr yer alıb. Video görüntülərdə Azərbaycan dilində danışan mücahid İslam dini uğrunda mübarizə apardığını, İslama qarşı çıxan ABŞ qüvvələrinə qarşı cihad etdiyini bəyan edir.
Video görüntüdə mücahidin pasport adı (əsl adı) və vətəndaşlığı barədə heç bir qeyd yoxdur. Onun Azərbaycanın, Rusiya Federasiyasının (cənub bölgəsi) və ya İranın vətəndaşlığını daşıyıb-daşımadığı da məlum deyil. Lakin əvvəllər də yayılmış bəzi məlumatlara görə, bu cür mücahidlər İran ərazisindəki xüsusi düşərgələrdə təlimlər keçdikdən sonra, Əfqanıstan və Pakistanda koalisiya qüvvələrinə qarşı döyüşlərə göndərilir.
Qeyd edək ki, buna qədər Əfqanıstanda vuruşan azərbaycanlı mücahidlərin ölümü ilə bağlı bir neçə fakt məlum idi. Belə ki, 2009-cu ildə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan "Abdulla" ləqəbli Azərbaycan vətəndaşı Azər Misirxanov Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürülüb. Həmin hadisə də məhz Əfqanıstanın Host vilayətində qeydə alınıb. Məlumata görə, silahlı qruplardan birinin əmiri olan A. Misirxanovun Qurban bayramı vaxtı Əfqanıstanda iştirak etdiyi bayram mərasimlərindən biri ABŞ təyyarələrinin bombardmanına məruz qalıb. Bombardman nəticəsində xeyli insan ölüb və yaralanıb.
Ölənlər arasında A. Misirxanovun da olduğu məlum olub. Onun öldüyü barədə ailəsi də məlumatlandırılıb. A. Misirxanovun ölməsi xəbərini ailə üzvləri də təsdiqləyiblər. A. Misirxanovun qardaşı Abbas Misirxanov bildirib ki, ölüm xəbərini onlara Azərin Türkiyədə yaşayan həyat yoldaşı verib. "Ona da Azərin silahdaşları məlumat veriblər. Ancaq Azərin nə vaxt, hansı şəraitdə öldürüldüyü barədə heç bir məlumatlımız yoxdur. Təkcə onu bilirik ki, Əfqanıstanda öldürülüb", - deyə Abbas Misirxanov bildirib.