Qeyri neft sektoru: Biz haradayıq və hara gedirik?

5 May 2015 12:37 (UTC+04:00)
Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməyə başladığı bir vaxtda qeyri-neft sektoru və bu sahədəki vəziyyət mətbuatın əsas diqqət yetirdiyi məsələlərdən birinə çevrilib. İqtisadi mövzuda yaza bilənlərin bir qismi bu sahənin inkişafının yetərincə olmadığını iddia edir, ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırlması yönündə addımlar atılmadığına dair əsası olmayan fikirlər səsləndirilər.

Bu təhlilimizdə Azərbaycanda qeyri neft sektorunun real vəziyyətini araşdırmağa çalışacağıq.

Öncə onu deyək ki, iqtisadiyyatı bilavasitə neftə bağlı olan bir ölkədə bu asılılığı bəzi iqtisadçıların dili ilə desək, təhlükəsiz bir həddə çatdırmaq 10-15 ilin işi deyildi. Bunun bir neçə səbəbləri var. Bu müddət ərzində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq ilk növbədə ona görə mümkün olmayıb ki, bu illər ərzində yeni neft yataqlarının istismara verilməsi hesabına ölkədə neft hasilatı dəfələrlə artmış və bu səbəbdən Ümumi Daxili Məhsulun tərkibində neftin xüsusi çəkisi də xeyli yüksəlmişdir. Əsil həqiqət ondan ibarətdir ki, neft bumu baş verən illər ərzində qeyri neft sektorunun inkişafını da eyni səviyyədə təmin etmək real ola bilməzdi. Burada təbii bir mərhəlləlik prinsipi ortaya çıxırdı. Neft pulları gəlməli, bu maliyyə resursları hesabına qeyri neft sektorunun inkişafını təmin edə biləcək infrastruktur layihələri reallaşdırılmalı, qeyri neft sektorunun inkişafına dəstək üçün dövlətin əlində kifayət qədər maliyyə resursları toplanmalı idi. Yalnız bu rıçaqlar əldə olunduqdan sonra düşünülmüş şəkildə, xüsusi proqramlar çərçivəsində və mərhəllələrlə Azərbaycanın bütün regionlarını əhatə etməklə qeyri neft sektorunun inkişafına təkan verilə bilərdi. Əslində bu, belə də oldu. Regionların inkişafına dair iki dövlət proqramının üğürla yerinə yetirilməsi və artıq eyni uğurla üçüncü proqramın icra olunması, Prezident sərancamı ilə ötən 2014-cü ilin sənaye ili, cari 2015-ci ilin isə kənd təsərrüfatı ili elan olunması məsələyə dövlət səviyyəsində hansı önəmin verilməsindən xəbər verir. Bu yerdə Prezidentin 11 il öncə Nazirlər Kabinetinin geniş tərkibli iclasında dediyi bir fikri xatırlatmaq istərdik: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu Azərbaycan neft ölkəsi deyil".

Heç şübhə etmirəm ki, Prezident 11 il əvvəl ölkə iqtisadiyyatının diversifikasiya edilməsi ilə bağlı fikirlər səsləndirərkən, bu gün iqtisadiyyatın neftdən asılılığı mövzusunu yerli-yersiz müzakirə predmetinə çevirənlərin bu məsələ heç yadına belə düşmürdü. Məhz həmin vaxtdan bəyan edilən bu kursun nəticəsidir ki, bu illər ərzində ölkənin qeyri neft sektoru 2,5 dəfə artmış və bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı artıq 70 faizə yaxınlaşmaqdadır. "Azərbaycan 2020: Gələcəyə baxış" proqramında 2020-ci ildə bu rəqəmin 80 faizə çatdırılması nəzərdə tutulub və heç şübhə yoxdur ki, bu nəticə də əldə olunacaq.

Bəs qeyri neft sektorunun yaxın son 10 ildə belə sürətli inkişafına baxmayaraq "Qeyri-neft sektorunun mövcud durumundan" narazıların əldə bayraq etdikləri əsaslar nədən ibarətdir? Burada iki məsələ əsaslı şəkildə bir-birinə qarışdırılır və bu səbəbdən də qeyri neft sektorunun bu qədər sürətli inkişaf etməsinə baxmayaraq bəzi müəlliflər az qala bu sahənin mövcudluğunu kölgə altına almağa çalışırlar. Belə düşüncədə olanlara izah edirik: Ölkənin ümumi ixracında qeyri neft sektorundan ixrac edilən məhsulların az xüsusi çəkiyə malik olması Azərbaycanda qeyri neft sektorunun zəif olması anlamına gələ bilməz. 2014-cü ilin yekunlarına görə Azərbaycanın qeyri neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür. İndi gəlin baxaq, vaxtı ilə bizimlə bir məkanda olan ölkələrdə bu sahədə vəziyyət necədir? Adi bir müqaisə Azərbaycanın həmin ölkələrdən bu sahədə heç də geridə qalmadığını və hətta bəzi ölkələri üstələdiyini göstərir. Sadəcə Azərbaycan neft ölkəsi olduğundan onun ixracında neftin xüsusi çəkisi böyükdür.

Bir başqa fakt. Bu gün Azərbaycanın qeyri neft sektorundan ixracın fiziki həcmi çöx böyük sürətlə artır. Daha döğrusu bu gün qeyri neft sektorundan ixracın artım tempi bu sektorun özünün inkişaf sürətinə tam adekvatdır. Belə ki, son 5 ildə qeyri neft sektorundan ixracın həcmi 65% artmışdır. Bu, ildə 13% artım deməkdir. Bu templə qeyri neft sektorundan ixracın həcminin artmasına heç bir ölkədə, xüsusilə də neft ölkələrində rast gəlmək mümkün deyil. Bu gün Azərbaycanın bütün regionlarında sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması və biznesə dövlət dəstəyinin bütün səviyyələrdə artırılması, heç şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin hər bir bölgəsindən ixrac olunan rəqabət qabiliyyətli məhsulların həcminin artacağına gətirib çıxaracaq.

Bütün təhlillər göstərir ki, yaxın gələckdə Azərbaycanda qeyri-neft sektorunda kifayət qədər ciddi inkişaf tempi müşahidə olunacaq və təbii ki, bu da ümumi ixracatda qeyri-neft sektorunun payına da təsirsiz ötüşməyəcək. Lakin nəzərə aldıqda ki, Cənub Qaz dəhlizi vasitəsilə satılacaq qaz hesabına ümumi ixracın həcmi xeyli artacaq, bu halda qeyri-neft sektorundan ixracın həcmi xüsusi çəki etibarilə ümumi ixracda yenə də yüksək görünməyə bilər.

Bütövlükdə qeyri neft sektorundan ixracın sürətlə artacağı heç bir şübhə doğurmur. Bunun üçün bütün əsaslar artıq tam mövcuddur. O da nəzərə alınmalıdır ki, ixracı stimullaşdıracaq bir mühüm addım da manatın məzənnəsinin yumşalması olacaqdır.

Və sonda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etmədiyini iddia edənlərə bir xatırlatma da vermək istərdik.

2014-cü ildə Azərbaycanın qeyri neft sektorunda məhsul və xidmət buraxlışının ümumi həcmi 58,4 milyard manat təşkil etmişdir. Bu, Ermənistanın Ümumi Daxili Məhsulundan 6,2 dəfə, Gürcüstanın Ümumi Daxili Məhsulundan 4,8 dəfə çoxdur...


"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmıləri doktoru, professor Fikrət Yusifov