Keçəlin facebook nağılı

11 Oktyabr 2012 11:41 (UTC+04:00)

Biri var idi, bir yox idi, bir Keçəl vardı, bir də Şah Əli və onun gözəl-göyçək qızı.

Bir gün Keçəl şahın qızına aşiq oldu, şahın qızı da Keçələ.

Birlikdə əhd-peyman bağladılar ki, ölüm onları ayırana qədər bir-birini sevəcəklər və fani dünyada heç kim və heç nə onları bir-birindən ayıra bilməz. Söz verdilər ki, qırx gün-qırx gecəlik toy edib evlənəcəklər, pis gündə də, yaxşı gündə də əhdə sadiq qalacaqlar.

Ay keçdi, gün keçdi, nəhayət, hal-qəziyyə şaha əyan oldu. Dedi, yer-göy bir ola, qızımı Keçələ vermərəm. Keçəl hara, şah qızı hara?

Xəbər Keçələ çatdı. Binəva kədərdən-dərddən, qəm-qüssədən gecələr yata bilmədi. Şah qızı da o qədər göz yaşı axıtdı ki, dənizin suyu daşdı, sel-su eli-obanı basdı, kəndlər, şəhərlər viran oldu. Şahın təbəələri gəldi saraya, dəstur istəyib şaha xitab elədi ki, bizi məzur qıl, padşahımız, bu fəlakətin nicatı yalnız səndədir. Şah Əli iki ayağını bir başmağa dirəyib dedi: "Gəda, mənə ağıl verməyin, qızımı Keçələ vermərəm, vermərəm, vermərəm! Çünki o kasıb-kusub, fəqir bir oğlan, qızım isə şah qızıdır".

Nağılı buradaca yarımçıq qoyuram. Və soruşuram: eşq, yoxsa sərvət? Bu gün seçim edərkən üstünlük nəyə verilir?

Zəkasına və məntiqinə heyran qaldığım bir qız dedi: "Oğlan zəngin ailədəndisə, mən eşqi seçərdim". Ağlına həmişə şübhə etdiyim bir oğlan isə dedi: "Eşqdən dəm vurub qız ailəsinin sərvətinə şərik olardım".

Bu ikili oyun bu günün ixtirası deyil. Elə Keçəl və Şah Əlinin qızı dövründə də vardı. Bəlkə elə Keçəl də 21-ci əsrin gənc oğlanı kimi düşürdü. Bəlkə elə...

Sözümün canı nədir?

Eşq, kişi-qadın münasibətlərinə dair əsasən qadın yazarların "təndirbaşı söhbətləri"ndə ittiham hədəfi, təbii ki, həmişə güclü cins nümayəndələridir. Yalnız və yalnız kişilər. Müstəsna olaraq. Qırılan talelər, şikəst eşqlər, iztirablı birgə yaşayış təcrübələri, göz yaşlarına qarışmış etiraflar...

Doğrudanmı bütün kişilər əclafdır?

Əsəbləri zəif olanlar və hissiyyatlı qadınlar xorla deyəcək – "hə!"

Amma qarşılıqlı inamsızlıq, etimad yoxluğuna dair mülahizələri əks tərəf də səsləndirir. Dəlillər inandırıcıdır, ya da inam doğurana çox yaxın.

Bu dava-dalaşın təfərrüatlarını çox uzatmaq olardı. Nəticə: heç-heçə.

Mövzunun davamı qalsın sonraya. Sizə kimdən və nədən danışım... Nə vaxtdır, başımı keçəl qırxıram. Məndən yaxşı bilirsiniz, indi keçəl oğlanlar moddadır. Bir başqa dəb də hər gün internetdə olmaqdır. Hamı kimi mən də facebook-da və s. qurdalanıram. Heç gözləmədiyim bir gün şərəfli namə aldım.

"38 yaşım var. Pullu kişi axtarıram... Həm nazımı çəksin, həm xərcimi... Qarşılığı sevgimdir... "

Anonim qalmış və fotosunu belə yerləşdirməmiş bir qadın sosial şəbəkələrin birində dostluq təklif etdikdən sonra mənə belə yazmışdı.

Ona cavab yazmadım. Çünki mənim aləmimdə eşq də, sədaqət də, hətta xəyanət də qeyri-maddi varlıqdır. Və əsla alqı-satqı predmeti deyil. Amma deyəsən, bu anlayışlar çoxdan maddiləşdirilib və öz maliyyə ekvivalentini, dəyərini qazanıb.

"Deyəsən" deyəndə, oxucum, yanılmağım ehtimalı gerçəyə, yəqin ki, çox yaxındır. Çünki mən hələ də "Keçəl və Şah Əlinin qızı" nağılını oxuyub bitirməmişəm. Mən köhnə zamanlarda qalmışam, köhnə kişilərdənəm. Oxuduqlarım da özüm kimi köhnə, qədim-qaim rəvayətlərdir.

Sizə də məsləhət görürəm. Darıxmazsınız.