Bakıda Kitab bayramı keçirilir - "Əsl bayram ab-havası var" (Fotolar)

6 May 2015 15:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə 20-dək nəşriyyatın kitabları sərgilənir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara 126 müəllifin 200-ə yaxın rus dilində çap olunmuş kitabı da təqdim edilib.

Oxuculara Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fyodor Dostoyevski, Etel Lilian Voyniç, Stiven Kinq və digər dünya şöhrətli müəlliflərin kitabları təklif olunub.

Qeyd edək ki, kitab bayramı artıq ənənəyə çevrilib. Hər il təşkil olunan layihənin məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.

Tədbir mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.

Bundan əlavə, "Kitab bayramı-2015" çərçivəsində "Canlı klassika-2015" beynəlxalq bədii qiraət müsabiqəsi üçün milli seçimin final mərhələsinin qalibləri də mükafatlandırılacaq.

(13:10)

***

"Kitab bayramı" gözlədiyimizdən daha gur və daha maraqlı keçir".

Bu barədə AzNews.az-a "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O, Filarmoniya bağında təşkil olunmuş "Kitab bayramı-2015"-ə daha çox gənclərin axışdığını bildirib: "Ziyarətçilərin əksəriyyətini gənclər təşkil edir. Onlar gəlib yeni nəşrlərlə maraqıanır, suallar verirlər. Ötən illərə nisbətən ziyarətçi sayı daha çoxdur, təşkilatçılıq daha yüksəkdir. Bundan əlavə, burada doğrudan da bayram ab-havası var. Kitab olan yerdə, bayram əhvalının olması da təbiidir".

Ş.Xuduoğlu hazırda Çingiz Abdullayevin imza saatının olduğunu deyib. O, 15:00-da Elxan Elatlının öz oxucuları ilə görüşəcəyini qeyd edib.





Nigar