İdman yarışlarına biletləri saxtalaşdıranlar cəzalandırılacaq – Sərəncam

6 May 2015 15:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, əlavələrə əsasən kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə tətbiq ediləcək.

Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək.

Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni, bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına, bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə, fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə olunacaq.