Tək başına bir institut qədər iş görüb...

6 May 2015 16:46 (UTC+04:00)

Məlum olduğu kimi bu gün Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, professor Firudin Cəlilovun 68 yaşı tamam olur.

Bu münasibətlə, onu yaxın dostu, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı təbrik məqaləsi yazıb. Təbrikdə bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan, sonra dövlət başçısının himayədarlığı ilə müalicə olunan F.Cəlilovun həyatı ilə bağlı maraqlı fraqmentlər əks olunub. AzNews.az həmin təbriki olduğu kimi təqdim edir:


"Bu gün görkəmli ictimai- siyasi xadim, filologiya elmimizdə, tarixşünaslığımızda tək başına bütöv bir institut qədər iş görmüş filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür. Firudin bəylə təqribən 45 il öncə tanış olmuşduq. "Apostrof lazımdırmı?" adlı bir məqaləsini oxumuş və işlədiyim "Ədəbiyyat və incəsənət " qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız apostrof işarəsi yoxdur. Elə ilk tanışlıqdan uzun illərin yaxınına, dostuna çevrilmişdik. Yəqin burda milli-filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı, vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.



Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var, lakin xalqımızın taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda, ədəbi, ictimai, elmi fikrimizdə güclənən milli özünü dərk prosesi, tarixi yaddaşın bərpası və güclənməsinə olan ictimai tələbat onu həm də bir tarixçiyə, ictimai xadimə, elm, təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi. Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi "Siyasət canavarına " bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı bir tarix mənbəyi, tarix güzgüsü rolu oynayır. Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə xalq içində, müstəqillik uğurundakı mübarizələrdə yanaşı olmuşuq. "Varlıq" birliyin əsas qurucularından idi, meydana bir yerdə çıxmışıq. O, nümayış komitəsinin ilk başçısı idi, mənsə meydanı idarə edənlərdən biri idim.



Meydan hərəkatından sonra mən ölkədə ilk müstəqil qəzet olan "Azərbaycan"ı çap edəndə Firudin bəy onun redaksiya heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata keçirdik. Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi və buna görə qaraguruhların hücumlarını da gördük. Və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq. Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında "Konstitusiya Aktı"na qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq. Yanaşı gördüyümüz işlər, keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar. Qarabağ cəbhəsində Ermənistanla sərhəd bölgələrində quzeydən güneyə çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.



Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə-neçə bir–birindən dəyərli əsər yazdı. Onun İbrahim peyğəmbər haqqında araşdırmaları, " Azər xalqı", "Daş baba", "Etrusklar" adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövsiyyələrdir.

Firudin bəylə üst- üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay deyil, Urmiya hövzəsi Ön Asiya olmasıdır. Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F.Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik "Azərbaycan türklərinin İslama qədər tarixi" kitabı müəllifinin böyük elmi kəşfi və Azərbaycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik 3 cildi çap olunmuş bu əsər siyasi, dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur. Oxucunun üzünü tarixi həqiqətləri açır.



Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec-tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır. Türklərin islamaqədərki tarixi qəsdən gizlədilən, unutdurulan əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F. Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.

Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür, can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü elmimizin inkişafına, millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib".