Bakı Olimpiya Stadionu sınaqdan keçiriləcək - Yollar bağlı olacaq

7 May 2015 17:40 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.

Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılıb ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

9 may tarixdə və Bakı-2015 Avropa Oyunları zamanı şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə etmək olar:

"Bakı-2015″ Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;

Radio, rəsmi internet və "facebook" səhifələri də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanalları.