Elnur Aslanov forumlara qatılacaq

11 Oktyabr 2012 13:02 (UTC+04:00)
Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün Rusiyaya səfərə gedib. Bu barədə AzNews.az-a Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, şöbə müdiri E.Aslanov oktyabrın 11-13-də Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya-Azərbaycan Gənclərinin Forumunda iştirak edəcək. Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov və digər tanınmış şəxslərin iştirakı nəzərdə tutulub.

Oktyabrın 13-16-da isə PA-nın şöbə müdiri E.Aslanov Türkiyədə səfərdə olacaq. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən oktyabrın 14-16-da İstanbulda müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə təşkil olunacaq "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu" mövzusunda beynəlxalq forumda çıxış edəcək. Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.

Vasif Həsənli
AzNews.az