Qadınları 1000, uşaqları 600 dollara satılan ölkə

12 Oktyabr 2012 05:12 (UTC+04:00)
Malinin cənubunda hakimiyyəti ələ alan radikal dini qruplaşmanın uşaqları 600 dollara alaraq əsgərliyə məcbur etdiyi açıqlanıb. BMT-nin insan haqları komissarının köməkçisi İvan Simonoviç Maliyə səfərindən sonra bu barədə məlumat verib. Afrika ölkəsi olan Malidə radikal qruplaşmalar uşaqları ailələrindən satın alaraq onlardan əsgər hazırlayırlar.

Qeyd edək ki, bu ilin martında Malidə baş verən çevrilişdən sonra ölkənin üçdə iki hissəsi radikal dinçilərin nəzarətinə keçib. Ölkədə narahatlıq yaradan başqa bir məqam isə hamilə qadınların sayının sürətlə artmasıdır. Bu qadınların böyük əksəriyyətinin ailə qurmadan hamilə qalması uşaqların gələcək taleyini şübhə altına alır. Malidə qadınlar evlilik məqsədilə min dollardan da az qiymətə satılır. Bəzən isə bu əxlaqsızlığa yol açır.

Malidəki vəziyyəti aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası beynəlxalq müdaxilə məsələsini müzakirə edir.

Elnarə Əlosmanqızı
AzNews.az