Dördüncü hakimiyyətin “4-cü sort” adamları

12 May 2015 13:11 (UTC+04:00)

50-ci illərin axırları, ya da 60-cı illərin əvvəlləri idi. Orta məktəbdə oxuyurduq. Eşitdik ki, kəndə jurnalist gəlib. Özü də kolxoz sədrinin evində qonaq qalır. Kolxoz sədri elə belə sədrlərdən deyil, respublikada tanınmış simalardan idi, Ali Sovetə deputat seçilmişdi. Hər adamla durub-oturmaz, təbii ki, evinin qapısını da hər kəsin üzünə açmazdı. Raykom katiblərinin, prokurorun, rəisin onun evində qonaq olduğunu eşitmişdik. Jurnalist kim idisə, ən azı bu səviyyənin sahibi olmalı idi ki, sədrin qapısını açmaq şərəfinə nail olsun.

Xülasə, jurnalisti görmək marağı bizə rahatlıq vermirdi. Ona qədər rayon mərkəzində çox tanınmış adam-yazıçı, alim, hətta təyyarə sürən görmüş, onların arasında jurnalistə rast gəlməmişdik. Kəndin mərkəzi küçəsi - belə demək mümkünsə, məktəbin yanından keçirdi. Tənəffüslərdən
birində məktəbin həyətinə toplaşmışdıq. Onlar-jurnalist ortada, bir tərəfdə sədr, o biri tərəfdə partkom küçə ilə addımlayırdılar. Jurnalist başı açıq idi, qara, uzun saçlarını yana daramışdı.
Dama-dama köynəyinin üstündən geyindiyi ağ jaket görkəminə xüsusi yaraşıq verirdi. Amma bunlar əsas deyildi. Əsas o idi ki, sədrlə partkom dil boğaza qoymadan nə barədəsə danışır, sanki cidd-cəhdlə jurnalisti danışdıqlarına inandırmağa çalışırdılar. Qonağın üzündə qəribə təbəssüm var idi ki, bu təbəssüm adamda eşitdiklərinə inanmamaq təsəvvürü yaradırdı. Biz ilk dəfə jurnalisti onda gördük, adını da bildik - Cəlal Bərgüşad...

Elə həmin illərdə Əlfi Qasımovun "Adilənin taleyi" adlı kitabı çapdan çıxmışdı. Son dərəcə maraqlı əsər idi. Jurnalistlərin həyatindan bəhs edirdi. Bir az sonra İsa Hüseynovun "Teleqram" povesti dərc olundu. Orda da jurnalistlərin çətin, gərgin, həm də son dərəcə gərəkli peşə sahibləri olduqlarından danışılırdı. Sonra Bakıya gəldik. Cəmil Əlibəyovu, Rəfael Nağıyevi, Mürşüd Dadaşovu tanıdıq. Tutarlı bir yazıdan, ciddi bir felyetondan ötrü canını verən adamlar idi.
Aman Allah, o illərdə jurnalistikaya necə güclü həvəs var idi...
Adam yadına salanda dəhşətə gəlir.Yəni bu həmin jurnalistikadır? Ona olan münasibət dəyişə bilər, ad axı dəyişməyib. Həmin addır - JURNALISTİKA. Bu peşənin bugünkü taleyi yüngül desək, adamı sadəcə olaraq məyus edir.

Rayonlardan birində iki nəfər geyimli- keçimli qadın qapı-qapı gəzirdi. Yanımdakılardan kimsə dedi ki, jurnalistdilər. O biri də qayıtdı ki, "vallah jurnalistika qadın peşəsi deyil". Başqa birinin atmacası daha ağır oldu: "Qardaş jurnalistika indi heç kişi peşəsi də deyil". Mən dinmədim, dinib nə deyəcəkdim? Belə atmacaların qarşısına gətirilən arqumentlər artıq tükənib. Jurnalist peşəsinə atılan solaxay atmacalar bir deyil, iki deyil. Bu müqəddəs peşəni gözdən salan, az qala gülünc lətifəyə çevrilən əhvalatların sayı-hesabı yoxdur...
Məmur tanışım danışırdı ki, rayonlardan birinə ezam olunmuşdum. Hansı idarəyə getdimsə, qapıları bağlı gördüm. Səbəbini soruşanda dedilər ki, rayonda bir dəstə müxbir var, idarə müdirləri bir-birinə xəbər veriblər, hamı qapını bağlayıb qaçıb.

Digər tanışım başqa bir əhvalat danışmışdı. Demişdi, birinə qonaqlıq söz vermişdim, qır-saqqız olub yapışmışdı yaxamdan. Axır çıxış yolu tapdım. Dedim filan yerdəyəm, gəl əməlli-başlı yeyib içək. Soruşdu təksən? Dedim yox, jurnalist dostum var, bir yerdə oturmuşuq. İnan ki, bu köhnə "qabırğa" - jurnalist adını eşidəndə qonaqlıqdan imtina elədi.

Təəssüf, min təəssüf, keçən əsrin altımışıncı illərində jurnalistikaya olan həvəs bu əsrdə jurnalistikaya olan axınla əvəz olunub. Səbəb nədir? Demokratiyanın verdiyi imkanlara əsaslanıb müxbir vəsiqəsi ilə qapılar açmaq mümkündür. Burada məşhur "Məsçidin qapısı açıqdır"atalar sözünü axira qədər işlətməmək də olar.

Mətbuat Şurası bu qapıları bağlamağa cəhd göstərsə də, bir şey alınmır. "Reket" nəşrlərin, saytların adı qara siyahılara salınır, yenə müsbət nəticə hasil olmur. Bəlkə bir səbəbi də həmin siyahıları tərtib edənlərin özlərinin jurnalistikada güclü fiqur olmamalarıdır. Bəlkə həmin şəxslərin özlərinin buraxdıqları nəşrlərin satışdan deyil, qeyri-şəffaf maliyyə mənbələrindən qidalanmasıdır. Bütün bunlardır bəlkə, qəbul olunan qərarlara inamsızlıq, saymamazlıq. Bəlkə Kütləvi İnformasiya Vasitələrinin qeydiyyatı prosedurunda dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat zamanı mütəxəssis rəyləri, tanınmış jurnalistlərin fikri bəlkə, əsas götürülsün...

Bunlar bəlkələrdir. "Bəlkə"olmayan odur ki, jurnalist, qəzetçi peşəsi gözdən düşüb və düşməkdə davam edir. O peşə ki, onun sahibləri kəfəni boğazlarına geyinib dünyaya həqiqəti çatdırmaq naminə özlərini ölümün ağzına atırlar. Ölən, döyülən, zindanlarda çürüyən, alçaldılan peşə sahibləri arasında da ən çoxu jurnalistlər olurlar. Təəssüf, əsl jurnalistlər qarşılarında bu peşədən qat-qat uzaq olub cibində qəzetçi vəsiqəsi gəzdirənləri görəndə köynək-köynək ət tökürlər, əriyib yerə girirlər. Otuz-qırx ilin jurnalisti bir məmurun qəbuluna düşə bilməyəndə, böyürdən kimsə "məsləhət" görürsə ki, filan reket müxbir səni tapşırsa, dərhal qəbula düşəcəksən, adam istəyir, yer ayrılıb yerə girsin.

Bəli, onlar təkcə müxbir yox, əsl səlahiyyət sahibləridir. Reket müxbirlərin qarşısında özlərini yığışdıran rəhbər işçilər görmüşəm. Mühüm iclaslarda birinci sırada əyləşdirilir, məmurlar tərəfindən xüsusi diqqətə, hörmətə, lap açığını desək, pula-paraya yiyələnirlər.

Köhnə tanışın olan vəzifə sahibinə rast gəlirsən. Qısa salam-kalamdan sonra başlayırsa, "müəllim, lətifəsi səndən uzaq o gün bir dəstə"... mən dərhal məsələni başa düşürəm.
-Qardaş, deyirəm, lətifəsi-zadı məndən uzaq olmasın, mən də elə onlardanam. Biz hamımız eyni adamlarıq - dördüncü hakimiyyətin dördüncü "sort adamları"...

Tofiq Hüseyn,əməkdar jurnalist