Avropa Oyunlarına görə tələbələrə ediləcək güzəştlər barədə - Açıqlama

13 May 2015 12:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Modern.az saytı universitetlərdə keçirilən imtahanların gedişi, tələbələrə güzəştlərin edilib-edilməyəcəyi, oyunlarda iştirak edəcək könüllülərə hansı güzəştlərin ediləcəyi ilə maraqlanıb.

Dövlət Neft Akademiyasının mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı:

"Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) mayın 8-dən başlayan yay imtahan sessiyası davam edir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün təhsil müəssisələrində olduğu kimi universitetimizdə də yay imtahan sessiyasının mayın 31-ə qədər başa çatdırılması nəzərdə tutulub. Bu məqsədlə müəllim və tələbələrimiz gərgin iş şəraitində işləyir. İmtahanlar mayın 28-ni çıxmaq şərti ilə həftənin bütün günləri keçiriləcək. İmtahanlar uğurla davam edir.

Azərbaycan Dövlət Neft Akademiyası "Bakı-2015" Birinci Avropa Oyunlarına böyük qürur və fəxarətlə hazırlaşır və bu oyunları Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi hesab edir. Ümumilikdə, 1400-dən çox tələbə könüllülər sırasına qoşulacaq. Könüllərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcəklər. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönəldilməsində, rəqs qruplarında və digər yerlərdə iştirak edəcəklər. Universitetimizin "Gənclik" mahnı və rəqs ansamblı qrup şəklində Oyunlarda keçiriləcək böyük bir bayram şənliyinin açılış və bağlanış mərasimində iştirak edəcək. Tələbələrin bir çoxu ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar. Universitetin bədən tərbiyəsi və idman klubunun əməkdaşı Pytor Kuvşinov, QNM fakültəsinin tələbəsi Kamran Cəfərov hakim kimi bu oyunlara dəvət alıblar. Bəzi tələbələr də Koordinasiya Mərkəzində fərdi olaraq adminstrativ əməyə cəlb olunublar. Universitetin oyunlarla bağlı qarşısında duran ən əsas məsələ qeydiyyatdan keçən funksional və mərasim könüllülərinin daha ciddi və həvəslə yanaşmasına dəstək olmaqdır. Təbii ki, imtahanlarda güzəştlər könüllülərə olacaq".

Bakı Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

"Birinci Avropa Oyunları ilə əlaqədar Bakı Dövlət Universitetində bəzi tələbələrin imtahan vaxtı dəyişib. Amma dəyişiklik yalnız bu tədbirdə könüllü iştirak edən tələbələrə şamil edilir.

Birinci Avropa Oyunlarına Bakı Dövlət Universitetindən qoşulan tələbələr qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi, media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi 250 müxtəlif vəzifəni yerinə yetirəcəklər. Könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilən yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək.

İmtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək iyun ayında onlar üçün imtahan təşkil olunmasını xahiş ediblər.

Belə ərizə ilə müraciət etmək hər bir tələbənin şəxsi işidir, yəni tələbə imtahanlarda iştirak edə bilər və bu hüquq BDU-nun 20 min tələbəsindən yalnız könüllülərə şamil edilir".

Azərbaycan Tibb Universiteti virtual test mərkəzinin direktoru Şahin Bayramov:

"Birinci Avropa Oyunları ilə bağlı universitetimizdə imtahanlar dünəndən başlayıb. İmtahanlar test üsulu ilə mərkəzləşdirilmiş qaydada, yəni kompüterlər vasitəsilə aparılır. Müəllimlər imtahanlarda iştirak etmirlər. Kompüterlərlə aparılan imtahanlara heç bir kənar və subyektiv müdaxilə edilə bilməz. Bu səbəbdən imtahanlarda güzəşt deyilən anlayış yoxdur. Çünki biz kompüterlərə müdaxilə edə bilmirik. Həm də mart ayından tələbələrimizə imtahanların tez keçiriləcəyi bağlı məlumat verilmişdi.

Bizə hələ ki Avropa Oyunlarında iştirak etmək üçün könüllər müraciət etməyib. Əgər belə müraciət olarsa, rektorun razılığı ilə könüllülərin imtahanı başqa vaxta keçirilə bilər".