Xəyanəti bağışlamayan, məhəbbəti unutmayan dövlət

13 May 2015 13:50 (UTC+04:00)

Əgər icra başçısının oğlunu həbs edib, cəzasına 6 aylıq quyruq da qoşurlarsa, əgər BAYRAĞIMIZI qoruma vəzifəsini icra edən adamı elə o bayrağa xəyanətə görə bağışlamırlarsa, əgər bank rəhbərinə, şirkət sahibinə qanunları pozduqlarına görə zərrə də güzəşt etmirlərsə, hamımız bir ağızdan deyək: Sabahın xeyir Azərbaycan. Həmin sabahdı. Mən dediyim, biz gözlədiyimiz əbədi sabah.

Dəb düşmüşdü: bir az pulu və imkanı olan, sosial şəbəkələrdə fotolent qəhrəmanına çevrilirdi. Yediyini də çəkirdi, içdiyini də. Daha anlamırdı ki, özünə tuşladığı kamera sönmürsə, onun qusduğunu da mütləq çəkəcək. Bitdi. Və başladı. Hələ çox taxtlar boş qalacaq. Onlar elə qorxaqdırlar ki, biri tutuldu, ən əziz adamını belə, satacaq. O da o birisini, o birisi də bu birisini...

Tarixdə elə bir cəmiyyət göstərin ki, 25 ilə tam qurulub oturuşsun. Bir dövlət üçün 25 il ancaq sınaq, məşq, tanımaq, tanıtmaq, öyrənmək, öyrətmək dövrü ola bilər. Əgər cəzalar siyasətçidən hökumətin yanında olduğu görüntüsünü yaradan iş adamına, yaxud məmura doğru dəyişirsə, salaməleykum demokratiya, sən artıq əllə tutulacaq, gözlə görüləcək yerdəsən.

Başqalarından daha tez çatdıq. Həm də qurbanımız az oldu. Əksinə, müharibə dövrünün hospitallarını xatırladan binaların əsarətindəki Bakı modern şəhərə çevrildi. Evlərdən çıxan odun sobalarının tüstüsündən qaralan mağara görünüşlü rayonlar yüz illərin avropalısına "oy moy qad" dedizdirəcək səviyyədə gözəlləşdi. Kitabxanaların kababxanalarla əvəzləndiyindən ürək yanğısı ilə gileylənən dostlar, gördünüzmü, indi hər kababxanada bir kitabxana var. Hansı kafeyə girirsən, gözəgəlimli yerdə kitab rəfi və içərisində müasir ədəbiyyat adama gəl-gəl deyir. Kitab nəşrinin çətinliyindən əsərlərini yazıb cıranlar, fərqindəsinizmi, altı aydan bir kitabınız çıxır?.. Həyatımızın bəlasına çevrilən tıxacları görən olsa, məndən salam desin. Desin ki, adamı körpüdən, yeraltı tunellərdən, enliləşdirilmiş şoselərdən belə yola salarlar. "Təhsil", "təhsil" deyib, dad edənlər vaxt edin, birlikdə müəssisələri gəzək, lap elə Bilik Fonduna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, ASAN Xidmətinə gedək. Gənclərin düşüncələrində neçə çiçək açdığını, səsləndirdikləri cümllələrin müxtəlif dillərdə necə pərvazlandığını, münasibətin istiliyini, mövqeyin sabitliyini görüb heyran olacaqsız.
Unutduğum nə qaldı ki, keçmiş öz pəncəsini onun üzərindən hələ də çəkməyib. Hə, bircə o müxalifət dünənin ətəyindən yapışıb. Sabaha keçməyə gücləri çatmadı. Uduzdular. Demokratik quruluş müxalifətsiz də olmur. Onlara meydan da verildi, mandat da qazandılar, beynəlxalq təşkilatların istinad nöqtəsi də oldular. Yenə sabaha uzanan yolu tapa bilmədilər.

Bu gün oxudum və utandım. Müsavatçılar liderlərini küçə söyüşləri ilə təhqir edirlər. Müsavatçılar bir-birini alçaldırlar. Müsavatçılar bu adın və bu əqidənin yaradıcısı Məhəmmədəmin Rəsulzadənin gorunu çatladırlar.

Gəlin söyüşə, nifrinə, kinə qulaqlarımızı və gözlərimizi yumaq. Bir qarış torpaqda, bir ovuc insan xəyanəti doğma balasına da bağışlamayan dövlətinə söykənib niyə də xoşbəxt yaşamasın. Açın qapı-pəncərələri, sabah özü bizə qonaq gəlir.

Dövlətimiz nə xəyanəti bağışlayır, nə məhəbbəti unudur. Yol həmin yoldur - sabaha uzanan yol.