Nazirlikdən Qurban qadağası

12 Oktyabr 2012 06:54 (UTC+04:00)

Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində müvafiq əmr imzalanıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, əmrə əsasən qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanlar arasında baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, anti-sanitariya hallarını aradan qaldırmaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə zoobaytar mütəxəssisləri heyvanların daha çox kəsildikləri ərazilərə təhkim olunublar.

Bakı şəhər Baytarlıq idarəsinə, idarənin bütün işçilərinin ət kəsimi məntəqələrinə təhkim edilməsi və qarşıya çıxan problemlərin operativ həll olunması tapşırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az