Azərbaycanda idman, dünyada müharibə oyunları... - ŞƏRH

14 May 2015 13:37 (UTC+04:00)


Dövlət də canlıdı. Görən gözü, döyünən ürəyi, düşünən beynilə insana aid olanları ehtiva edir.
Hər bir fərd kimi, hər bir dövlət də öz xarakterilə seçilir. Ancaq o fərd deyil, toplumdu, milyonların arzu və istəklərinin ifadəçisidi.
Dövlətin xarizması sadəcə hüquq, iqtisadiyyat, siyasət və əxlaq normaları ilə məhdudlaşmır. O hər gün mənsub olduğu cəmiyyətə və dünyaya öz simasını, öz məqsəd və məramını təqdim edir; bəşəriyyətə təmsil etdiyi xalqın qayğılarından, ağrı-acısından danışır və bu zaman milli-mənəvi dəyərləri, humanizm prinsiplərini, bir sözlə, öz formasını qorumağa çalışır...

***

İdealda belədi, ancaq...
Ancaq dünya ikili standartları ilə ikiüzlüdü...
İndi o, maraqların toqquşduğu yerdə daha çox insana və insanlığa, sülhə və əmin-amanlığa qarşı yönələn davamlı təhdidlərilə yadda qalır. Bunula da, bəşəriyyətə öz baş qəhrəmanını təpədən-dırnağadək silahlamış, insaf-mürvət tanımayan qəzəbli əsgər obrazında təqdim edir...

***



Bu bizim onunla ilk görüşümüz deyil...
Biz onu qoca tarixin yaddaşından yaxşı tanıyırıq:
Qitənin kəşfindən sonra amerikalılar 400 il müddətdə 75 milyon hindunu qanına qəltan etdilər, bu insanların müqəddəs sandıqları torpaqlarda, onların cəsədləri üzərində tikdikləri malikanəyə isə AĞ EV (!) adını verdilər;
Məhz bu dövrdə Afrika 90 milyon insanını itirdi və oradan Amerikaya 15 milyon kölə gətirildi;
Bu həmin Amerikadı ki, borc üzündən Dominiki, Meksikanı tankların tırtılları altına aldı, 50 min insanın qanına susadı;
Xirosima və Naqasakiyə atdığı atom bombasıyla 400 min adamı bir ocaqda yandırıb külə döndərdi;
Vyetnamda, Kubada, İraqda... milyonlarla insanın qətlində də məhz Amerikanın möhtəşəm imzası dayanır...
Biz hələ Fransanı demirik. Əlcəzairdə milyon yarım insanı süngüdən keçirməklə özünü demokratiya, sülh carçısı kimi tanıdan bu möhtəşəm Avropa ölkəsi tarixdə ən qanlı və amansız savaş səhnəsinin müəllifinə çevrildi.
İŞİD də onların balasıdı...
İŞİD də onların bəlasıdı...
On yaşlı uşağı silahla yükləyib cəllada çevirənlər də onlardı!..
...Gördüklərimiz, eşitdiklərimiz və oxuduqlarımız bu siyahını sonsuzadək uzatmaq imkanı verir.



***


Biz çox kədərliyik...
Həm də ona görə kədərliyik ki, tarixin amansız ironiyasını yaşayan xalqların sırasında indi bizim də adımız var...
Yağmalanmış torpağımızla, qətlə yetirilmiş dinc sakinlərimizlə, girov götürülmüş vətəndaşlarımızla kədərliyik...
Siz qətllərinizlə, biz kədərimizlə böyüyük...

***

Hər şey gözlərimizin qarşısında - şəhərləri dağıdılan, sakinləri qətlə yetirilən müsəlman ölkələrinin xarabalıqları fonunda baş verir.
İnsan qanında boğulan, viran qalmış bu yurd yerlərində yenə demokratiyadan, söz və vicdan azadlığından danışmaq istəyirsizsə, cənablar, buyurun...
Ancaq əvvəlcə Qərbdə və Avropadakı sakinlərinizə xoşbəxt həyat, işıqlı gələcək bəxş edən silah anbarlarınızın qapılarını, lütfən, bir anlıq qapayın.
Atdığınız mərmilərin aramsız gurultusunu kəsin ki, sizi eşidə bilək; sizi dinləyə-dinləyə hədəf seçdiyiniz, tikə-tikə parçalanmış günahsız körpələrimizin açıq qalmış gözlərini, heç olmasa, sığıyaq; küçələrdə qalaqlanan meyitlərimizi, heç olmasa, basdıra bilək...
Budur, keçdiyiniz dərs...
Budur, gözlərinizi tutan petrol qoxusu...
Budur, yaratdığınız tarix...

***

Bu dərs sərhəd-filan tanımır, vəhşi bir ehtirasla müsəlman dünyasının üstünə şığıyır, müsəlman dünyasını viran qoyur, dinc insanların başına ələnən mərmilərlə möhürlənir, tarixə köçürülür.
Sizin əlinizlə, bizim qanımızla yazılan tarixə...
Hər şey gözlərimizin qarşısında baş verir...
Naləsi ərşə çəkilən körpələrimizin göz yaşları da axıtdığınız nahaq qanları yuya bilmir...
Naləsi ərşə çəkilən körpələrimizin göz yaşlarında yuyursuz əllərinizin qanını.
Sonra o əllərlə isti-rahat odalarda mürgüləyən balalarınızın saçlarına sığal çəkirsiz...
Budur, keçdiyiniz dərs...
Budur, yaratdığınız tarix...

***



Bu tarixin gödən savaşında güllələdiyiniz o məsum körpəni gördüzmü heç!
Güllələdiyiniz o məsum körpənin can verə-verə söylədiklərini eşitdizmi heç!
O körpə son nəfəsini də: "Hər şeyi Allaha danışacağam" - deyə-deyə, dərdi!
Siz Allahı da satın almısız...
Yox, Allahı satın almamısız, pulunuz-paranız Allahın yerdəki "elçi"lərinə çatıb ancaq...
Siz Allahın yerdəki "elçi"lərini satın alıb şeytana satılmısız...
Mərmiləriniz Allahın yerdəki "elçi"lərinin xeyir-duası ilə dirilir.
Biz o mərmilərin dirildiyi yerdə ölürük...
Budur, keçdiyiniz dərs...
Budur, yaratdığınız tarix...

***


"Erməni şəhidlərinə baş əyən" Roma Papasının "soyqırım ağrısı" da Allaha - həqiqətə xəyanətdi, müqəddəs kitabların şahidliyilə zorla mənəviyyata calanan, tarixə sırınan xəyanət!..
"Erməni soyqırımı"nı tanıyan Roma Papasını Allah tanımır!..
Roma Papası "erməni soyqırımı"nı tanımaqla yaşatmalı olduğu müqəddəs dəyərləri əsgər libasına dəyişdi, əlinə silah aldı, ermənilərlə çiyin-çiyinə Türk dünyasına qarşı cihada qalxdı!..
İşğal olunmuş Azərbaycan torpaqlarında – Qarabağda səngər qazdı!..
Tarix boyu qadınları tonqallarda yandıran, erməniləri katolik dinini qəbul etmədikləri üçün kilsədən qovan, Vatikan, bu gün səndən də mərhəmət, sevgi qoxusu gəlmir!
Səndən ölüm qorxusu, qan qoxusu gəlir….
Çünki yüz il bundan qabaq başverənləri "görürsən", amma iyirmi il bundan əvvəl ermənilərin törətdiyi, qanı hələ qurumayan, yaraları hələ qaysaqlanmayan Xocalı soyqırımını görmürsən…
Budur, keçdiyiniz dərs...
Budur, yaratdığınız tarix...

***


Biz çox kədərliyik...
Kədərimizin ünvanı işğal olunmuş torpaqlarımızdı, viran qoyulmuş tarixi məbədlərimizdi, qətlə yetirilmiş dinc sakinlərimizdi, əsir götürülmüş vətəndaşlarımızdı...
Hər addımda tapdanan haqqımızla kədərliyik...
Bu kədəri, bu faciəni yaşaya-yaşaya Azərbaycan yenə də ayaqda dayanmağı bacarır, dərdini-sərini udur, özünü dünyaya fərqli bir obrazda təqdim edir: Bakı həm də neçə-neçə bəşəri əhəmiyyətli sosial, elmi, siyasi, ictimai, mədəni törənlərin paytaxtıdı, dünyaca tanınmış ünlü şəxsiyyətlərin evidi, ocağıdı...
Hər il burada inşa və bərpa edilən məktəblər, mədəniyyət evləri, olimpiya idman kompleksləri, kilsə və məscidlər... Azərbaycan dövlətinin iradəsi deyilmi.
Bu da bizim keçdiyimiz dərsdi...
Bu da bizim yaratdığımız tarixdi...



***

Bu dərs, bu tarix hər addımda haqqı tapdanan, sərhədlərinə təcavüz edilən bir ölkənin dünya sivilyaziyasına verə biləcəyi ən böyük töhfədi, ən böyük dəyərdi.
Bu yolda Azərbaycan dövləti heç bir maneə, sərhəd-filan tanımır. Çünki özünə, yürütdüyü siyasətə və xalqına güvənir. Onun iradəsini, qürurunu sındırmağa çalışanlar Liviyadakı, Suriyadakı... güclərini Azərbaycana transfer etmək istəyənlərdi. Vətəndaşlarımızı adam-adam dövlətdən qoparıb qurduqları tələyə - qazamata salırlar ki, sonradan onlara "siyasi məhbus" damğası vursunlar, ölkəmizin üstünə yerisinlər. Çünki insanın dövlətdən kənarda təhlükəli olduğunu (Aristotel - İ.R.) çox gözəl bilirlər.
Amma nahaq yerə...

***



Bu, bizim haqqımız deyil!
Çünki az qala bütün nəhəng dövlətlərin əyninə əsgər libası geydiyi, əlinə silah aldığı bir vaxtda Azərbaycan dünyanın qarşısına sülh çağırışı ilə, gül dəstələrilə çıxır. Birinci Avropa Oyunlarına ev sahibliyi edir. Yüksək təşkilatçılıq, ali qonaqpərvərlik nümunəsi sərgiləyir.
Bəs qarşılığında nə görür!!!
Dünənədək Birinci Avropa Oyunlarına dəstək verənlər bu gün Azərbaycana tamam fərqli mövqedən boylanırlar. Əllərinin qanını üstümüzə silməyə çalışırlar. İçimizdən özlərinə tərəfdaş alırlar. İnsanlarımızı dövlətdən qoparmaq istəyirlər...
Niyəsi bəllidi. Onlara gündən-günə ayağa qalxan, dirçələn, müasirləşən bir ölkə lazım deyil! Onlara insanları yandırıb külə döndərən ocaq lazımdı, ocaq. Anarxiya, xaos lazımdı, xaos! Onların evləri bu ocaqla isinir, çörəyi bu xaosla qazanılır. Ancaq o da var ki, sözünə hörmət qoymayanın özünə də hörmət qoymazlar...
Dövlətimizin dayanıqlı müstəqil siyasəti, sözünü sonadək tutması, əmin-amanlığımız hələ çoxlarını qıcıqlandıracaq, hələ çoxlarını üstümüzə qaldıracaq. Bunu bilirik. Onu da bilirik ki, biz dünyanı güllə-mərmi işığına çağırmırıq. Biz alovlandırdığımız Avropa Oyunları məşəlinin işığına dəvət edirik dunyanı. Bəlkə bu işıqda Azərbaycanı daha aydın gördü, daha yaxından tanıdı...


İbrahim RÜSTƏMLİ
AzNews.az