Cahangir Hacıyevə bağlı futbol klubları dağılır - Maliyyə böhranı

14 May 2015 15:43 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, məhz C.Hacıyevin ayırdığı maliyyə hesabına ayaqda qalan 2 klub - "İnter" və "Simurq"un maliyyə ucbatından mövsümün sonuna kimi bağlanacağı gözlənilir. Yayılan məlumatlarda deyilir ki, hər iki klubda futbolçular 4-5 aydır maaşlarını ala bilmir. Onlar bu barədə FIFA-ya şikayət edəcəklərini bəyan ediblər.

Xatırladaq ki, mayın 1-ində keçirilən "Simurq" - "İnter" görüşündən əvvəl meydan sahibinin oyunçuları matçın start fitindən sonra oturaraq rəhbərliyə öz etirazlarını bildirmişdilər.



Oyundan sonra klub rəsmi saytı açıqlama yayaraq futbolçuların bu hərəkətini dəstəkləmiş, sponsoru - ABB-nı günahlandırmışdı. "Simurq" klubunda keçirilən toplantı zamanı futbolçulara bildirilib ki, onların sponsorla bağlı problemləri yaranıb, mövsümün sonuna qədər maaşlar verilməyəcək. Futbolçulara o da çatdırılıb ki, klubu tərk etmək istəyənə problem yaradılmayacaq. Artıq 4-5 futbolçu klubla yollarını ayırıb. "İnter"də də vəziyyət fərqli deyil. Mövsümün potensial gümüş mükafatçısı maaş probleminə görə UEFA Avropa Liqasından da kənar qala bilər. Belə ki, futbolçular FIFA-ya şikayət etməkdə israrlıdırlar. Üstəlik, maliyyə problemi klubun lisenziya almasını da əngəlləyə bilər.