Yaponlar bunu da bacardı - Yaşlı insanların qayğısı üçün qurğu

15 May 2015 11:06 (UTC+04:00)

"Fujitsu Ltd." elektronika şirkəti gün ərzində tənha yaşayan yaşlı insanların qayğısına qalan xüsusi sistem hazırlayıb.

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın "Asaxi" qəzeti yazıb.

Qurğu mənzildə quraşdırılmış mikrofonların köməyi ilə gün ərzində evdə baş verənlər haqda informasiya toplayır. Zərurət yarandıqda sistem qocalar evinin əməkdaşlarına və ya yaşlı insanın qohumlarına hər hansı şübhəli dəyişikliklər haqda məlumat verir. Bildiriş həm informasiya mərkəzinə, həm də smartfona göndərilə bilər.

"Fujitsu" şirkətinin qurğusu görünüşcə fərdi kompüterin audio kolonkasını xatırladır. Aparata yerləşdirilmiş güclü prosessor daxil olan səsləri təhlil edir. Bundan asılı olaraq, sistem bildiriş göndərib-göndərməməsinə qərar verir. Qurğu müxtəlif tezlikli səsləri ayıra bilir. Bundan başqa, cihaz ürək döyüntüsünün sürətlənməsi və yüngül öskürmə kimi həyat fəaliyyəti göstəricilərini qeydə alır.

"Fujitsu" şirkəti cari ilin dekabrında cihazın satışına başlamağı planlaşdırır. Yaşlı insanlara baxmağa kömək edən qurğunun əsas alıcıları ehtimal ki, qocalar evi və başqa xüsusi tibb müəssisələri olacaq.