Mülki Məcəlləyə dəyişiklik edildi

15 May 2015 13:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məlumata görə, qanuna yeni 49-1-ci (Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası) maddə əlavə olunur.

Maddəyə görə, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.

Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:

- hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;
- hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;
- bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);
- hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;
- bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; - hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
- bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
- bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.

Maddədə o da bildirilir ki, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasını), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 339-cu maddəsinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər. Hüquqi şəxsin icra orqanının rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin icra orqanına yazılı şəkildə təqdim etməlidirlər."

Layihə səsə qoyularaq qəbul olunub.