Avropa Oyunlarının 1 günü canlandırılacaq - Mayın 17-də

15 May 2015 15:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.

Yarışlar zamanı əməliyyatlara hazırlıq sınaqdan keçiriləcək.

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün "Bakı-2015"in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.

Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etmək xahiş olunur:

- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə;

- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri.