Daha bir iş adamı “Bandotdel”ə aparıldı – 90 milyon borc

15 May 2015 16:06 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bir müddət əvvəl vəhhabilərə yardımda, daha sonra "Sevil" massivində baş verən dələduzluqda adı hallanan "AAAF Park"ın rəhbəri Tofiq Heydərov bu dəfə kredit qalmaqalına görə dindirilib. Buna səbəb "AAAF Park" rəhbərinin Azərbaycan Beynəlxalq Bankından götürdüyü 90 milyon dollar krediti qaytarmaması olub.

Məlum olduğu kimi, Tofiq Heydərov Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə ortaq olub. Elə buna görədir ki, "AAAF Park"a belə fantastik məbləğdə kredit ayrılıb. Cahangir Hacıyev bankla vidalaşandan sonra isə bankla "AAAF Park" arasında bütün münasibətlər pozulub. Kredit borcunu qaytarmayan Tofiq Heydərov ilə bank arasında bağlanmış başqa bir vacib müqaviləyə də xitam verilib. Belə ki, Cahangir Hacıyevin vaxtında bank sözügedən şirkətlə 15 illik ipoteka kreditinin verilməsi ilə bağlı müqavilə imzalamışdı. Evlərin 15 illik kreditlə satılması "AAAF Park"ın müştərilərə ən cəlbedici təklifi idi. ABB-nin yeni rəhbərliyi isə bu müqaviləni rəsmi şəkildə ləğv edib. "AAAF Park" hazırda evləri yalnız daxili kredit yolu ilə satır.

Məsələ ilə əlaqədar "AAAF park"la əlaqə saxladıq. Şirkətdən T.Heydərovun iş başında olduğunu desələr də, onunla danışmaq cəhdimiz baş tutmadı.

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamı saxlanılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Həbs olunanlardan "Xəzər İsland" ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun və sabiq millət vəkili Dünyamin Xəlilovun adı açıqlanıb.

Onlardan İ.Nehrəmli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdikdən sonra azadlığa buraxılıb. Onun ABB-yə 78 milyon dollar kredit borcu var imiş.

"PNN Group"un rəhbəri Nizami Piriyevə isə cinayət işi açılıb və barəsində 3 ay 27 gün həbs-qətimkan tədbiri seçilib.