Fransa XİN-i Səfərov sorğusunu cavablandırdı

12 Oktyabr 2012 09:22 (UTC+04:00)
Fransanın Xarici İşlər Nazirliyi ölkə parlamentinin ermənipərəst deputatı Valeri Buayenin bir ay öncə bu quruma Fransa-Azərbaycan münasibətlərinin azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfvi müstəvisində dəyərləndirilməsi ilə bağlı ünvanladığı sorğuya cavab verib.

168.az erməni mediasına istinadən xəbər verir ki, Fransa XİN Ramil Səfərov məsələsinə sentyabrın 3-də mətbuat katibi səviyyəsində reaksiya verdiyini bildirib. Həmin reaksiyada baş vermiş hadisənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneçilik törədə biləcəyindən narahatlıq ifadə olunub.

Cavab məktubunda daha sonra bildirilib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri də sentyabrın 3-də Azərbaycanın qərarından dərin narahatlıq və təəssüf hissi keçirdiklərini açıqladılar. Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə əsas olan odur ki, danışıqlar prosesi yarımçıq qalmasın. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən hər iki ölkənin xarici işlər nazirlərinin Parisə dəvət edilməsi də bu məqsədə yönəlmişdi və xeyirli oldu. Nazirlərə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirmək təklif olundu.

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səylərini davam etdirmək əzmindədir və ATƏT-in Minsk Qrupu çərçivəsində üzərinə düşən öhdəlikləri icra edir".

AzNews.az