Azərbaycanda 4 ay ərzində istifadəyə verilən obyektlər – SİYAHI

16 May 2015 12:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yer alıb.

Məlumata görə, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-aprel aylarında 589,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 3068 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Bakı Konqres Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və "Alyans Tekstil" tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda "Park Chalet Shahdag" Oteli və s. obyektlər istifadəyə verilib.

2015-ci ilin yanvar-aprel aylarında inşaat işlərinə 4868,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 3333,8 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 2821,5 milyon manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 3771,8 milyon manat təşkil edib.

Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 962,5 milyon manatından istifadə edilib.