“I Avropa Oyunlarına görə ad günü keçirmirəm” – Arif Quliyev

16 May 2015 13:39 (UTC+04:00)

O, AzNews.az-a deyib ki, I Avropa Oyunlarına görə ad gününü qeyd etməyi ertələyib: "Hazırda rayondayam. Mən ad günümü adi bir gün kimi qəbul edirəm. Bu yaşımı sentyabr ayında qeyd edəcəm. I Avropa Oyunlarına görə ad günü keçirmirəm. Çünki bu yarışmalara görə işlərim çoxdur".

A.Quliyev əlavə edib ki, 65 yaş onun üçün yubiley hesab edilmir: "Əsas yubileyim 70 illiyimdə olacaq".

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə anadan olub. O, 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib 1979-cu ildə İncəsənət İnstitutunu bitirib.

Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. 1994-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatı alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az