“Elşadın kameralarını qardaşı Mahir quraşdırıb”

12 Oktyabr 2012 10:47 (UTC+04:00)


Politoloq Cümşüd Nuriyev mətbuata açıqlamasında deyib ki, parlamentdə 10-12 nəfər peşəkar deputat var: "Onların necə seçilməsindən asılı olmayaraq, orada olmaları vacibdir. Qalan 100 nəfər deputat isə heç bir işə yaramırlar. Saxta yolla parlamentə düşüblər".

Politoloqun bu çıxışı deputatlar tərəfindən sərt qarşılanıb. Millət vəkili Fazil Mustafa deyib ki, Cümşüd Nuriyev dəfələrlə özünün qurduğu müxtəlif variantlarla mətbuatda çıxış eləyib, sonra öz uydurduğuna özü inanmağa başlayıb: "Tam səmimi deyirəm, müxalifətdə də, iqtidarda da olmaq olar, hətta erməni də, kürd də olmaq olar. Ən bədnam, ən biabırçı Cümşüd Nuriyev olmaqdır".

Deputat Qüdrət Həsənquliyev də onunla razılaşmadığını deyib. O bildirib ki, parlamentdə fəaliyyəti göz qabağındadır: "Xalq arasında belə bir deyim var ki, "pişiyin ağzı ətə çatmayanda deyir iylənib".

Deputatların bu çıxışına cavab verən Cümşüd Nuriyev AzNews.az-a deyib ki, bu parlament Azərbaycan üçün uğurlu deyil: "Azərbaycanın beynəlxalq müstəvidə hüquqlarını qorumaq sahəsində bərbad fəaliyyət göstərir. Orada kifayət qədər qeyri-peşəkar insanlar var. Bunların da çoxu biznesmendir. Həm Fazil Mustafanın, həm də Qüdrət Həsənquliyevin açıqlamasını, sadəcə, anlamıram. Hesab edirəm ki, orada olan normal deputatlar elə bunlar ikisidir. Bunlar niyə qıcıqlanıblar? Bunlara atılmayan daşa görə niyə cavab verirlər ki? Mən Fazil bəyin və Qüdrət bəyin bostanına daş atmamışam. Elə şey olsa, açıq danışaram. Bu iki nəfəri də verirlər qabağa. Orada olan alverçilər danışsınlar. Fazilin danışığı "qarğa, məndə qoz var" kimi xarakterizə olunur. Bunlar danışmaqla özlərini batırırlar. Adama deyərlər, soğan yeyəmisən, için niyə göynəyir?! Üstümə çox gəlsələr, daha çox faktlar açıqlayacam".

C.Nuriyev "Parlament haqqında bu cür çıxış etməyin Elşad Abdullayevin yaydığı video ilə bağlıdır?" sualına belə cavab verib: "Xeyr, mən dəfələrlə bu barədə demişəm. İndi də deyirəm ki, Azərbaycanda ən uğursuz parlament bu 2010-cu ildə formalaşdı. Əvvələr sahibkarlar parlamentdə 30% təşkil edirdisə, indi bu rəqəm 70%-ə çatıb. Bu çox qorxulu rəqəmdir. Onu da deyim ki, vaxtilə Gülər Əhmədovanın yanında olan, onu tərifləyən deputatlar indi Gülər xanıma qarşı savaş açıblar. Nə yekə-yekə danışırlar, kimə özlərini göstərirlər. Ağzımı açdırmasınlar. Bunlar Azərbaycan üçün nə ediblər.
İndiki halda inanmıram, parlament buraxılsın. Azərbaycan parlamentli respublikaya keçməlidir. O zaman parlament buraxıla bilər. Hazırda bu siyasət Azərbaycanın iqtisadi durumuna uyğun gəlmir".

Politoloq Elşad Abdullayevin MTN əlaqələrindən də danışıb: "Elşadın qardaşı Mahiri yaxından tanıyırdım. Açığı deyim ki, Elşad Abdullayevi danışdırırlar. Onun ağılı o səviyyədə deyil ki, bu qədər müddətdən sonra bu məsələləri gündəmə gətirsin. Elşadı danışdıran kimdir, onu bilmirəm. Bilirsiz, Ramiz Nağıyev onun yanındadır. Bu şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi olub. Elnur Məcidli də Elşadla görüşləri təşkil edir. Onun da kimlərə bağlı olduğu hər kəsə məlumdur.

Bunların hamısını istintaq müəyyən etməlidir. Bəlkə kameranı həmin vaxt Mahir özü quraşdırıb. Vaxtilə, Elşad da, Mahir də MTN-nin işçisi olublar. Əgər bu videodan əvvəlcə MTN xəbər tutsaydı, bunun qarşısını alardılar. Deməli, bütün bu işlər onlardan xəbərsiz aparılıb".

İlkin
AzNews.az