Nobel prospektinin təmirə bağlanmış hissəsi açıldı- FOTOLAR

17 May 2015 23:30 (UTC+04:00)


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Aznews.az-a verilən məlumata görə, əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlayıb.

Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər"ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda kommunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə, yol boyu 3 min poqon-metr səki daşı düzülüb.

Qeyd edək ki, "Azəryolservis" tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.


AzNews.az