YAP İdarə Heyəti toplandı

12 Oktyabr 2012 11:55 (UTC+04:00)
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. AzNews.az-ın yap.org.az saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakı şəhərində keçiriləcək VII Baş Assambleyasına hazırlıqla əlaqədar görüləcək tədbirlər haqqında məsələlər daxil edilib.

YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov gündəlikdə duran məsələlərlə bağlı ətraflı məlumat verib, partiyanın 20-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon (şəhər) təşkilatlarında silsilə tədbirlərin keçirildiyini, partiyanın yubileyinə həsr olunmuş yüksək bədii tərtibatlı kitabın nəşr olunması və digər məsələləri İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb.

Gündəlikdə duran digər məsələ noyabr ayının 21-də İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçiriləcək iclasının yüksək səviyyədə təşkili məsələlərinə həsr olunub. Belə mötəbər forumun ölkəmizdə keçirilməsi Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir. İdarə Heyəti gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul edib. Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.

AzNews.az