BP-nin Azərbaycandakı taleyi sual altında

12 Oktyabr 2012 12:01 (UTC+04:00)
"Azərbaycan prezidentinin son 3 il ərzində öhdəlikləri yerinə yetirmədiyinə görə BP şirkətinə irad bildirməsi şirkətin bu ölkədəki taleyini sual altında qoya bilər". APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın nüfuzlu "Financial Times" nəşri məlumat yayıb.

Qəzet Azərbaycan Nazirlər Kabinetinin iclasında səslənmiş ""Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində neft hasilatında gözlənilməyən tənəzzül baş verib ki, bu da Azərbaycanın 8,1 mlrd. dollar gəlirdən məhrum olması ilə nəticələnib" fikrini sitat gətirib.

"RBC Capital Markets"in nümayəndəsi Piter Xatton qəzetə açıqlamasında BP şirkətinin Azərbaycan hökuməti ilə çox yaxşı münasibətlərinin formalaşdığını bildirib: "Ona görə də BP-nin əsas fəaliyyət sahəsinə dair tənqidlər şirkət üçün gözlənilməz olub".

Məqalə müəllifi qeyd edir ki, rəsmi Bakının iradları BP üçün heç də yaxşı olmayan vaxtda ortaya çıxıb. Belə ki, hazırda BP 2010-cu ildə Meksika körfəzində baş vermiş neft sızıntısına görə müxtəlif iddialarla qarşı-qarşıyadır.

AzNews.az