Azərbaycanda pilotsuz mini uçuş aparatı hazırlandı

19 May 2015 09:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, layihə "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) tərəfindən dəstəklənib və bütün işlər orada aparılıb.

Azərbaycan mühəndislərinin hazırladığı yeni aparat ərazinin şəklinin çəkilməsində istifadə edilə bilər. Aparatı Android və iOS əməliyyat sistemli portativ kompüter, həmçinin smartfon və planşet kompüter vasitəsilə idarə edilə bilər.

Mühəndislərin sözlərinə görə, Smartplane-in uçuş müddəti 80 dəqiqə, maksimum sürəti saatda 47 kilometr təşkil edir.

Çəkisi 650 qram olan aparat 300 qramlıq yükü qaldıra bilir. Aparatı üzərinə multispektral, termal kamera, hava sensoru və s. yerləşdirməklə işlətmək olar.

Layihəyə investisiya cəlb etmək üçün mühəndislər yaradıcı layihələr üçün nəzərdə tutulmuş "Kickstarter" platformasından istifadə ediblər.