7500 yeni iş yeri açılır

12 Oktyabr 2012 12:28 (UTC+04:00)


Oktyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qusar rayonunun Balaqusar kəndində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbirdəki çıxışında bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə 2050-dən çox sahibkara 181,8 milyon manatadək güzəştli kredit verildiyini bildirib. Bu kreditlər hesabına 7500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, Quba-Xaçmaz iqtisadi rayonunda indiyədək 1156 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslan 31 layihənin maliyyələşdirilməsinə 57,8 milyon manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 21-i istifadəyə verilib, 10 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 8 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Elnarə Əlosmanqızı
AzNews.az