Nobel almağın “sirri” - ARAŞDIRMA

12 Oktyabr 2012 12:39 (UTC+04:00)


‎"Nobel mükafatı almış müsəlmanlar sağlam ayaqqabı deyil"

Dünən ədəbiyyat üzrə Nobel Mükafatı təqdim edilib. Mükafat çinli yazıçı Mo Yana verilib. Bu təqdimat élan olunandan sonra sosial şəbəkələrdə aparılan müzakirələrdə belə bir fikir irəli sürülüb ki, builki Nobel Mükafatı siyahısında müsəlmanların adı yoxdur. İrad olaraq bildirilir ki, əgər iddia edildiyi kimi, bütün elmlərin açarı İslamın müqəddəs kitabı Qurandırsa, niyə ona əsaslanaraq cild-cild kitab yazan müsəlmanlar yeni ixtiralar edə, Nobel laureatı ola bilmirlər?
Ancaq İslam dinini qəbul etməyənlərin əksinə olaraq "qatı dindarlar" hesab edirlər ki, bunun səbəbi Qərbin qərəzidir. Onların fikirlərinə görə, Nobel Qərb ölkəsi tərəfindən təsis edildiyindən müsəlman alimlərinə bu mükafat "çox görülür". Hətta islam saytlarının birində yazılır: "Nobel mükafat komissiyası heç də İslama simpatiyalı insanlardan təşkil olunmayıb. Dəfələrlə İslam dünyası ilə düşmənçilik edən, müsəlman balalarını qırdıranlara sülh mükafatı verib. Buna 1994-cü ildə Sülh mükafatı almış Fələstin körpələrinin qatili Şimon Peresi misal gətirmək olar. Bu mənada Nobel mükafatı almış müsəlmanlar da sağlam ayaqqabı deyillər. Əslində, adda müsəlman, ideyada isə yuxarıda adı çəkilənlərə yaxın insanlardır".

"İslam fanatikləri"nin, yoxsa Nobel komitəsinin mövqeyi?

Bəs dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin tövhəyə görə verilən bu nüfuzlu beynəlxalq mükafatı dini mənsubiyyətə və digər xüsusiyyətlərə görə qruplaşdırmaq nə dərəcədə düzgündür? Ümumiyyətlə, "İslam fanatiklərinin" irəli sürdüyü fikirlərin bir əsası varmı? Statistik göstəriciləri nəzərə aldıqda, əslində Nobel alan müsəlmanların sayının bu qədər az olmasına səbəb nədir?

Əvvəlcə onu qeyd edək ki, Nobel komitəsi mükafatlandırdığı şəxslərin dini mənsubiyyətini açıqlamır. Ancaq qeyri-rəsmi araşdırmalara görə, indiyə qədər Nobel mükafatı alan müsəlmanlardan Əbdus Salam (Fizika, 1979), Əhməd Zevayıl (Fizika, 1999), Nacib Mahfouz (Ədəbiyyat, 1988), Muhamməd Anvər Səadət (Sülh, 1978), Yaser Arafat (Sülh, 1994), Əli Cami (Fizika, 1990), Fərid Murad (Tibb, 1998), Orhan Pamukun (Ədəbiyyat, 2006) adını çəkmək olar.

"Müsəlman dünyası Nobel alacaq şəxsiyyət yetişdirməyə qadir deyil"

Ancaq Nobel alan müsəlmanların say azlığının səbəblərinə gəlincə… İslam araşdırmaçısı Mail Yaqub bildirir ki, müsəlman dünyasından Əbdus Salam vaxtilə Nobel mükafatı alsa da, bu, istisnalıq təşkil edir: "Ə. Salamın elmi müsəlman Şərq dünyasında 80-90-cı illərdəki elmi-tərəqqinin məhsulu olmayıb. Müsəlman dünyasındakı təhsil sistemi Nobel mükafatına layiq görülən alim yetişdirməyə qadir deyil". Onun sözlərinə görə, səbəb XVIII-XIX əsrlərdən sonra müsəlman dünyasının elmində dərin bir ətalət yaranmasıdır: "Qaranlıq dövr adlandırılan orta əsrlər dövründə tibb, fəlsəfə üzrə böyük mütəxəssislər yetişib. Ancaq təəssüflər olsun ki, Qərbdə oyanış dövründən sonra müsəlmanlarda tam əksinə olaraq ətalət dövrü başladı. Bu ətalət hələ də davam edir. Düzdür, son illərdə müəyyən ölkələrdə-Türkiyədə, bir qədər Pakistanda, İranda elm sahəsində müəyyən nailiyyətlər var". Ancaq Mail Yaqub hesab edir ki, müsəlman ölkələrindən olan alimlər "Nobel" almaq iqtidarında deyillər: "Bəlkə, hələ 100 ildən sonra bu sahədə müyyən nəticələr əldə edə bilək".

"Ədəbiyyatı dinlərə, təriqətlərə bölmək düzgün deyil"

Yazar Qan Tural isə ədəbiyyatı bu formada, dinlərə, təriqətlərə bölməyi düzgün hesab etmədiyini bildirir. Onun sözlərinə görə, ədəbiyyat da din kimi ictimai şüurun müstəqil bir formasıdır: "Başqa cür desək, ədəbiyyatın özü də ayrıca bir "din"dir və öz ritualları var. Mirzə Cəlil ateist idi, amma onun ustadlarından olan Qoqol dindar. Bu məsələləri qarışdırmaq olmaz".

Qan Tural da bu mükafatın təqdimatında müsəlman dünyasına qarşı heç bir ayrı seçkilikdən söhbət gedə bilməyəcəyini qeyd edir: "Nobelə layiq görülənlər müsəlmanlar da olub. Bir türk-Orxan Pamuk, bir ərəb-Nəcib Məhfuz. Mən məsələnin bu cür qoyuluşunu düzgün hesab etmirəm". Ancaq yazar ümumilikdə müsəlmanlardan Nobel alanların sayının belə az olmasını da sosioloji baxımdan izah etməyin mümkün olduğunu deyir:" İslam dünyası bütövlükdə geridə qalıb. Vaxtilə Hegel deyirdi ki, burjua dövrünün ziddiyyətlərini ancaq roman janrı aça bilər, amma islam dünyasının burjuaziyası da özünəməxsusdur. Xüsusilə ərəb ölkələrinin çoxunda, sözün əsl mənasında, feodal adətləri hökmrandır. Burada qadının avtomobil idarə etməsinin mübahisə doğurduğu ölkələrdən danışırıq. Amma İslam dünyasının ən böyük iki dövlətinin yazıçıları Nobel alıb. Misir ərəblərin ən böyük dövlətidir, Türkiyə də türklərin". Həmsöhbətimiz bunun heç də təsadüfi olmadığını vurğulayır: "Eləcə də pakistanlı fizik Nobel alıb. Yəqin başqaları da var, mənim bildiklərim budur. Nobeldə dini dünyagörüşün heç bir önəmi yoxdur. Sadəcə yaxşı yazmaq və dünyadakı ədəbi prosesə qoşulmaq lazımdır".

"Bu, sıravı müsəlman üçün deyil"

İlahiyyatçı İlqar Kamilin fikrincə, müsəlmanlar "Bütün elmlər Quranda var" deyib özünü dünya və dünya elmlərindən təcrid edilmiş hala gətirib. Əgər bütün elmlər "Qurani-Kərim"də varsa da, bu sıravi müsəlman üçün deyil, Peyğəmbər (s) və əhli-beyti (ə) üçündür, qarışdırmayaq!".

Onun sözlərinə görə, hər ixtira gərəkli deyil: "Bəşəri xilas edən də, bədbəxt edən də məhz məlum ixtiralar olub. Ona görə də, İslam təlimləri bizə "oxu!" dedikdə onun kənarında "Rəbbinin adıyla oxu!" ifadəsini də təsadüfi işlətməyib. Yəni elm əxlaqın və mənəviyyatın kontrolunda olmalıdır. İnancın kontrolunda olmayan elm atom bombası yaradır. Deyilənlərə görə Albert Eynişteynin övladı olanda hamı onu təbrik edir o isə hüzünlü olur. Bunun səbəbini soruşduqda, deyir: "Bilsəydim ki, nə vaxtsa mənim də övladım olacaq atomu kəşf etməzdim!"

Sevinc Fədai
AzNews.az