“Təxribat versiyası daha real görünür” – Jurnalistlərin rəyi

20 May 2015 14:03 (UTC+04:00)

AzNews.az bununla bağlı bəzi media nümayəndələrinin münasibətini öyrənib:


"Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı: "Məncə, bu, cinayətə bərabər səhlənkarlıq, eyni zamanda tamahkarlıq məqsədilə insanların həyatına etinasız münasibət göstərərək, onları ölümə göndərməkdir".


"Lent.az" İnformasiya Agentliyinin redaktoru Qabil Abbasoğlu: "Mən peşəm və səlahiyyətim daxilində olmadığı üçün bu mövzuda ekspertlik edə bilmərəm".


"Azadinform" İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev: "Yanğınla bağlı Dövlət Komissiyası yaradılıb. Hüquq-mühafizə orqanları faciənin baş vermə səbəblərini çox ciddi şəkildə araşdırır. Bildiyiniz kimi, Azərbaycan təxminən 20 gündən sonra böyük bir idman yarışına - İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Təbii ki, Avropa Oyunları ərəfəsində bu hadisənin törədilməsi Azərbaycan haqqında mənfi imicin formalaşdırılması kimi çirkin niyyətləri istisna etmir. Yəni, təxribatla bağlı ehtimallar çoxdur. Düşünürəm ki, istintaq komissiyası hər bir ehtimalın üzərində ciddi işləyəcək. Artıq ölkə prezidenti də bu barədə xüsusi göstəriş verib və hadisəni nəzarət altına götürüb. Artıq hadisə ilə bağlı cinayət işi açılıb və ictimaiyyət günahkarların ciddi cəzalandırılacağına əmindir".


"Qafqazinfo" saytının direktoru Elbrus Ərud: "Mən burada təsadüf görmürəm".


"Azvision" saytının baş redaktoru Vusal Məmmədov: "Mən bu dəhşətli hadisə haqqında xəbəri eşidən kimi ağlıma təxribat versiyası gəldi. Niyə məhz indi? Qış deyil ki, deyək qızdırıcı cihazlar çox qoşulmuşdu. Yay deyil ki, deyək örtük çox qızmışdı. Qısaqapanma baş verəndə müdafiə sistemi işə düşməlidir və yanğın başlasa da, ilk növbədə transformatorda başlamalıdır. Hadisə gecə baş versəydi, deyərdik ki, keyfiyyətsiz lampalar qızıb və örtüyü alışdırıb, amma faciə gündüz olub. Və faciədən doğan ümumi əsəbiliyə baxmayaraq, bunu da demək lazımdır ki, əslində poliuretan o qədər də tez alışan maddə deyil, inanmayan yoxlaya bilər. Ona alov tutub, bir müddət saxlamalısan ki, alışsın. Bütün bu arqumentləri bir araya toplayanda təxribat versiyası mənə çox real görünür. Bəlkə də yanılıram, amma təsadüflərə inanmağa da meyilli deyiləm: niyə məhz ölkədə I Avropa Oyunları ilə bağlı bayram əhvalı olan bir ərəfədə bu faciə baş verməli idi? Mən bu yanaşma ilə qətiyyən heç kimə haqq qazandırmaq fikrində deyiləm, onu da başa düşürəm ki, əzizləri həlak olan insanlar indi əsla Avropa Oyunları hayında deyillər. Amma düşünürəm ki, təxribat versiyasına ciddi yanaşılmalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az