Cənnətə düşmək istəyən 1000 nəfər…

12 Oktyabr 2012 18:41 (UTC+04:00)


Müsəlmanların Həcc ziyarəti başlanır. Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Azərbaycan üçün ayrılmış 2600 nəfərlik kvota artıq çoxdan dolub və zəvvarlar oktyabrın 14-dən başlayaraq yola düşəcəklər. Ziyarətə sərf olunan xərclər isə 2 kateqoriyaya bölünür və birinci kateqoriya 3850 manat, o biri kateqoriya isə 3090 manatdır. Təbii ki, hər bir müsəlman müqəddəs Kəbə evini ziyarət etmək, günahlarının bağışlanmasını diləmək istəyir. Adamlar var ki, Həcc ziyarətinin sayını da itirib, amma yenə gedir. Halbuki Həccə getmədən də Allahın mərhəmətini qazanmaq mümkündür. Bunun üçün Allah müqəddəs kitablarda yolları da göstərib: köməksizə, əlsiz ayaqsıza əl tut, kömək et, sağ əlinlə ver, sol əlin bilməsin, yetimin başını sığalla, din qardaşını darda qoyma və s. Hanı bəs niyə bunlara əməl edənlərin sayı barmaqla sayılacaq qədər azdır?

Günlərdir ki, bir qrup jurnalist həyəcanlə "Gülər Məmmədovaya dəstək olaq" deyir, niyə səs verən yoxdur? Telejurnalist Murad Hüseynovun Türkiyədə qan xərçəngindən müalicə olunan həyat yoldaşı Gülər Məmmədovanın həyatda qalması üçün cəmi 120 min dollara ehtiyacı vardı, xeyirxah insanların sayəsində 60 min dollar düzəlib, qalıb 60 min. Neft ölkəsində, Polad Ələmdarı, cenifer Lopesi, Şakiranı, Mustafa Cecelini, Tarkanı sünnət toyuna çağırıb oxudub oynadıb geri göndərənlərin ölkəsində 60 min nəmənə şeydir ki? Hansısa məmur övladının türk müğənnisi Ebru Polata hədiyyə etdiyi çantanın dəyəri 30 min dollar idi, Hadisə bir gecəlik konsert üçün Bakıdan 150 min dollarla dönmüşdü. Hansısa bazarkomun oğlu Bakıya 1 milyon dollarlıq Bugatti gətirmişdi və günlərlə onun videosu telefonlarda dolaşdı, müzakirə mövzusu oldu. Bu ölkədə adamlar var ki, təkcə içdiyi bir şüşə konyakın dəyəri 2500 avrodur, bu ölkədə adamlar var ki, qalstukuna taxdığı sancağın üstündə 120 min dollarlıq brilyant qaş var, amma bir gənc ananın həyatda qalması bu gün 120 min dollardan asılıdır. Bu nə amansız həyatdır belə? Yoxsa biz bir-birimizə amansızıq? Vəzifə almaq, şirkət qurmaq, bina tikmək, deputat olmaq üçün milyonlar verdiyini iddia edənlər nə olardı ki, həyatda heç olmasa bir dəfə bir xeyirxah təşəbbüs göstərib iki körpəni anasız qalmaq təhlükəsindən xilas edərdilər. Əl tutmaq Əlidən qalıb deyirlər. Bu ölkədə "amandı qoymayın dinimiz, imanımız əldən getdi" deyib hay salanlar bəlkə indi savab qazanmaq fürsətindən istifadə edələr? Hanı bu ölkənin pirləri, nəzir qutuları? Nə zaman açılacaq o qutular? Təkcə bir məscidin qarşısındakı nəzir qutusu açılsa bu ölkədə neçə-neçə xəstənin dərdinə əlac tapılar, neçə ailə sevincə boğular. Gündə beş dəfə ibadət etmək, oruc tutmaq fərzdir, vacibdir, amma bir çarəsizin dərdinə çarə tapmaq daha böyük savabdır. Müsəlman olmaq oruc tutub sonra bu barədə status yazıb "like" yığmaq deyil, müsəlman olmaq küçələrdə hicab davası döymək deyil, müsəlman olmaq müsəlman bacı-qardaşına dəstək olmaqdır.

Gülər Məmmədovanı xilas etmək, həyata qaytarmaq lazımdır. İki körpənin anasını Əzrayılla üz-üzə tək qoyub qaçsaq acizliyimizi göstərmiş olarıq. İnsanlara sağlığında qiymət verməliyik, dəyərini bilməliyik. Seyflərin ağzını bağlı saxlamaq yetər daha, kim halal, kim haram yolla qazanıb özü bilər, heç olmasa indi bir savab qazansınlar. Gülər Məmmədova Siyavuş Aslan, Yaşar Nuri, Akif İslamzadə, Baloğlan Əşrəfov qədər populyar deyil, onu heç kim tanımır, amma onun da yaşamaq haqqı var, bu haqqını qorumaqda ona kömək edək. İki həftədən sonra Qurban bayramı gəlir, gəlin o qurbanlıq pullarını Gülər Məmmədovanın müalicəsinə yatıraq, bəlkə də bu bir şansdır ki, Allah yolunda savab qazanaq? Heç kim bilmir kəsdiyi qurban qəbul olunacaq, ya yox, amma iki körpənin gözləri gülsə, bir ana körpələrini yenidən bağrına basa bilsə heç kimin şübhəsi olmasın ki, elədiyinin əvəzində Allah günahlarını bağışlayacaq. Yəni bu ölkədə 1000 nəfər babat imkanı olan müsəlman yoxdurmu ki, hərəyə 60 dollar Gülər Məmmədovanın müalicəsi üçün açılan hesaba ödəsin? Cənnəti qazanmaq istəyən 1000 nəfər yoxdurmu? Yoxdurmu?...